Hərbi hissəyə basqın etmiş mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə silahlı basqın etməkdə, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən "Sahil camaatı" adlı mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub.
Proses yanvarın 27-də prokurorun çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Mamedov,
Saleh Adilov, Tural Həsənov və Elnur Qazıyev ittiham olunur.
İttiham aktına əsasən, 2008-ci ildə Müdafiə Nazirliyinin Tərtərdə dislokasiya
olunmuş "N" saylı hərbi hissəsinin kəşfiyyat taqımının əsgəri Xaşayev Üzeyir
Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam
Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə
məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu
tərəfindən Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam
öldürmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq
etməklə odlu silahı və döyüş sursatını talama) maddələri ilə cinayət işi başlanılaraq
istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib.
Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin
istintaqı 06 yanvar 2010-cu il tarixdə dayandırılıb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat
nəticəsində həmin cinayətin "Sumqayıt camaatı" adlı silahlı birləşmənin
tərkibində yaradılan "Sahil camaatı" adlı daha silahlı qrup tərəfindən
törədildiyi məlum olub. Məlumata görə, "Sahil camaatı" adlı silahlı qrupun üzvləri
- Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Mamedov, habelə Ağır Cinayətlərə Dair
İşlər Üzrə Məhkəmənin 17 iyun 2010-cu il tarixli hökmü ilə "Sumqayıt camaatı"
adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Elşən Druskar, Tural
Həsənov və Elnur Qazıyev qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar
geyinib, tapança və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış
əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin olduğu səngərə
təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanıb, Əsgər
Məmmədov və Elnur Qazıyev isə postun ərazisinə daxil olublar. Posta çatanda
orada olan əsgər gələnlərdən parolu soruşub. Bir qədər əvvəl bu hərbi hissədə
hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı
olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar.
Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri
kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səs
boğucusu olan tapançadan başına atəş açmaqla öldürüb, digərinə isə güllə yarası
xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd "SVD" markalı
snayper tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd
sandıqçanı, 2 ədəd "AKMS" markalı avtomat silahı və onlara aid içərisində 60
ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək qaçıblar. Silahlı
birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran
ərazisinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının
qanuni tələblərinə məhəl qoymayaraq, silahlı müqavimət göstərib, əsgərlərə
atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölüb.
MTN-in keçirdiyi əməliyyat nəticəsində Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər
Mamedov, Saleh Adilov, Tural Həsənov və Elnur Qazıyev saxlanılıb.
O.M.