İraqda Telegram sosial şəbəkəsi bloklanıb

İraqda Telegram sosial şəbəkəsi bloklanıb

7 Avqust 2023 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

İraq hakimiyyəti ölkədə Telegram messencerinin bloklandığını elan edib. İraqın Rabitə Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu qərar “ölkənin milli təhlükəsizliyi ilə bağlı yuxarı orqanların göstərişləri əsasında, habelə vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə” qəbul edilib.

Sənəddə qeyd edilir ki, İraqın dövlət qurumları Telegram idarəedici şirkətindən dəfələrlə xahiş ediblər ki, “rəsmi dövlət qurumlarının məlumatlarının və vətəndaşların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etsinlər”, lakin idarədən verilən məlumata görə, şirkət bu müraciətlərə məhəl qoymayıb.


“Rabitə Nazirliyi dövlətin və onun təsisatlarının təhlükəsizliyinə xələl gətirmədən vətəndaşların ifadə və ünsiyyət azadlığı hüquqlarına hörmətlə yanaşdığını bir daha təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Əvvəllər Telegram yalnız İran və Çində tamamilə bloklanıb, müxtəlif vaxtlarda messencerin işi Rusiya, Belarus, Qazaxıstan, Əfqanıstan, Braziliya, Hindistan, İndoneziyada müvəqqəti olaraq məhdudlaşdırılıb.

E.Axund