Ermənistan ordusu döyüş qabiliyyətini bərpa edə bilməyib

Ermənistan ordusu döyüş qabiliyyətini bərpa edə bilməyib

29 Avqust 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan ordusunda baş verən bir sıra faciəli hadisələr, “dedovşina” nəticəsində hərbi qulluqçuların həlak olması, ilk növbədə, komanda və zabit heyəti üçün xüsusilə vacib olan kəskin kadr çatışmazlığı ilə bağlıdır”. Bunu Sputnik Ermənistan-a müsahibəsində hərbi ekspert, müdafiə nazirinin keçmiş müşaviri David Camalyan avqustun 27-də iki hərbçinin ölümünə münasibət bildirərkən deyib.

Avqust ayı ərzində Ermənistan ordusunda “dedovşina” nəticəsində artıq 4 nəfər həlak olub. Xüsusilə, avqustun 10-da çağırışçı əsgər Jora Karapetyan ölümcül güllə yarası alıb, iki həmkarı intihara təhrik əlamətləri ilə həbs edilib. Təsdiq olunmamış məlumata görə, davaya səbəb Karapetyanın “oğru” yoldaşlarının əvəzinə döyüş tapşırığını yerinə yetirmək istəməməsi olub, bu zəmində münaqişə yaranıb və bu faciəyə səbəb olub. Ertəsi gün həmin hərbi hissədə çağırışçı Qarnik Xnkoyanın meyiti tapılıb, ilkin versiya eynidir - intihar. Sonuncu hadisəyə gəlincə, əsgər əvvəlcə döyüş postunda yoldaşını öldürüb, sonra isə özünü güllələyib.

"Biz orduda çox ciddi sistem problemi ilə üzləşirik. Qoşunlarda çoxlu sayda vakant zabit yerlərimiz var, əsasən tağım və rota komandirləri. Aydın məsələdir ki, zabit çatışmazlığı mövcud zabitlərin həddən artıq yüklənməsinə səbəb olur". Vakant zabit vəzifələrinin olması istər-istəməz orduda nəzarət probleminə, deməli, nizam-intizam probleminə gətirib çıxarır”, - deyə Camalyan bildirib.

"Bu gün bizim ordumuz var ki, hələ döyüş qabiliyyətini bərpa edə bilməyib. Kadr çatışmazlığı da bunun elementlərindən biridir”, - deyə ekspert vurğulayıb.

Əziz Mustafa