Adın şərəflidir...
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Müdriklərdən birinin sözüdür: “Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir”. Başqa bir məşhur kəlam da var: “Qadın gülərsə, bəşəriyyət də gülər!” İngilislər isə deyirlər ki, kişilərin bütün uğurlarının arxasında qadınlar dayanır.
Qadın - anadır. Ana isə yer üzündə bütün müqəddəslərin müqəddəsi, alilərin alisidirr. Dünyada anadan yüksək zirvə, ondan müqəddəs varlıq yoxdur. Yaranışdan analar həyatda təmənnasız varlıqlar kimi tanınıblar. Analar mərhəmətin, sevginin, qətiyyətin, dözümün canlı heykəlləridir. Qadın – həyatın, inkişafın və cəmiyyətin ayrılmaz hissəsidir. Onun əzmi, zəhməti və sevgisi dünya tarixində mühüm dəyişikliklərə səbəb olub, cəmiyyətlərin formalaşmasında vacib rol oynayıb. Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü qeyd edilir.
Qadın hərəkatının tarixi 1857-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin martın 8-nin Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatı həmin günü Qadın Günü kimi rəsmiləşdirib.
Azərbaycan qadını tarixin müxtəlif dövrlərində gücü, əzmkarlığı və müdrikliyi ilə seçilərək, təkcə ailənin deyil, həm də dövlətin və ictimai həyatın dayağı olmağı bacarıb. O, təkcə övlad yetişdirməklə kifayətlənmir, dövlət idarəçiliyində, ordu və hüquq-mühafizə orqanlarında, elm və təhsildə, səhiyyə sahəsində, sahibkarlıq və biznes mühitində, mədəniyyət və incəsənətdə fəal şəkildə təmsil olunur. Azərbaycan qadınının iradəsi və fədakarlığı nəticəsində ölkəmizdə bir çox uğurlar əldə edilib, Şərqdə qadın hüquqlarının tanınmasında mühüm addımlar atılıb.
Oxuməni.az AZƏRTAC-a istinadən qadınların ölkə və cəmiyyət həyatındakı roluna, müasir dövrdə ölkəmizdə qadınlarla bağlı siyasətin bəzi aspektlərinə nəzər salır.
Şərqdə ilk dəfə seçib-seçilmək hüququ
Azərbaycan qadını seçib-seçilmək hüququna Azərbaycan Xalq Cümhuriyyəti vaxtında - 1919-cu ildə yiyələnib. Bu fakt özü Azərbaycan qadınının nə qədər müasir və demokratik düşüncəyə malik olduğunu göstərir. Yeri gəlmişkən, qeyd edək ki, qadınlar Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə ediblər.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
1995-ci ildə ölkəmizdə qəbul olunmuş Konstitusiya qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayan Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə ölkəmizdə qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" imzalanan Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırıb. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxarıb. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ olub.
Respublikamızda dövlət qadın siyasəti, bu sahədə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.
Zərif cinsin nümayəndələrinə diqqət və qayğı
Prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür. Dövlətimizin başçısı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına budəfəki təbrikində xalqımızın hər zaman qadına dərin ehtiram bəslədiyini, ana haqqını uca tutduğunu bildirib, ölkəmizdə dövlət-qadın siyasətinin başlıca prinsiplərinin bu çoxəsrlik zəmin üzərində formalaşdığını vurğulayıb: “Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Bu gün Azərbaycan qadını parlamentdə və dövlət qurumlarında təmsil olunur, sahibkar kimi iqtisadiyyata töhfə verir, elm və təhsildə mühüm uğurlar qazanır, idman sahəsində beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Azərbaycan qadını həm milli-mənəvi dəyərləri qoruyur, həm də müasir dünyanın çağırışlarına uyğun inkişaf edir. Qadın şərəfi anlayışı təkcə ailə və cəmiyyət daxilində deyil, ümumbəşəri dəyər kimi qəbul olunur. Qadına hörmət – insanlığa hörmətdir. Qadın həm də zəriflik və möhkəmlik simvoludur. O, çətinliklər qarşısında əyilməyən, ailəsi və Vətəni üçün mübarizə aparan bir qüvvədir. Qadın ana olaraq gələcək nəsli formalaşdırır. O, övladına ilk tərbiyəni, sevgini və Vətən anlayışını aşılayır. Cəmiyyətin mənəvi təməli ailədə qoyulur, ailənin təməli isə qadındır. Qadınlar həyata sevgi, nur və ümid gətirirlər. Onların varlığı dünyanı daha gözəl və mənalı edir.
Oxuməni.az





















































.jpg)


.jpg)
.jpg)
.jpg)


































