İsrailin İranın neft obyektlərinə zərbələri ABŞ ilə fikir ayrılığına səbəb olub

İsrailin İranın neft obyektlərinə zərbələri ABŞ ilə fikir ayrılığına səbəb olub

13:20
Bəyəndim (2) Bəyənmədim (0)

İsrailin İranın neft obyektlərinə endirdiyi irimiqyaslı zərbələr müharibə başlayandan bəri ABŞ və İsrail arasında ilk ciddi fikir ayrılığına səbəb olub.

Oxuməni.az xəbər verir ki, “Axios”-un Amerika və İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail planlaşdırılan zərbələr barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb. Lakin əməliyyatın miqyası Vaşinqton üçün gözlənilməz olub.

"Biz bunun ən yaxşı fikir olmadığını düşünürük", - deyə yüksək vəzifəli Amerika rəsmisi bildirib.

İsrail mənbəsinin sözlərinə görə, ABŞ-ın reaksiyası sərt olub. “Vaşinqtonun İsrail tərəfinə göndərdiyi mesaj ‘Bu nə cəfəngiyyatdır?’ ruhunda çatdırılıb.”

"Zərbəyə məruz qalan obyektlər neft hasilatı müəssisələri olmasa da, amerikalı rəsmilər yanan anbarların videogörüntülərinin neft bazarlarını qorxuda və enerji daşıyıcılarının qiymətlərini daha da artıra biləcəyindən narahatdırlar", - deyə nəşr yazır.

Donald Trampın müşavirinin sözlərinə görə, prezident bu əməliyyatdan narazıdır.

"Prezident bu hücumu bəyənmir. O, nefti xilas etmək istəyir. Onu yandırmaq istəmir. Və bu, insanlara benzinin qiymətinin artmasını xatırladır", - deyə o bildirib.

Tehran da sərt xəbərdarlıqlarla çıxış edib. Hərbi əməliyyatları əlaqələndirən İranın "Xatəm əl-Ənbiya" hərbi qərargahının nümayəndəsi bəyan edib ki, enerji infrastrukturuna hücumlar davam edərsə, İran regiondakı obyektlərə zərbələrlə cavab verə bilər.

Mənbələrin məlumatına görə, yaranmış fikir ayrılıqları və müharibənin gələcək strategiyası yaxın vaxtlarda ABŞ və İsrail arasında yüksək siyasi səviyyədə müzakirə oluna bilər.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin yaxın günlərdə İsrailə səfər etməyi planlaşdırdıqları bildirilirdi.

Almaz Həsənli