TikTok sosial media platforması qadağan edilib
Qırğızıstan məşhur sosial media platforması «TikTok»-u uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərdiyi səbəbilə qadağan edib. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə «TikTok» sosial media platformasının qadağan edilməsinə qərar verdiyini açıqlayıb.
Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada, zehni inkişafa mənfi təsir göstərən «TikTok» tətbiqinin zərərli təsirləri ilə bağlı bir çox qeyri-hökumət təşkilatlarından şikayətlərin daxil olduğu bildirilib.
Açıqlamada «TikTok»-un istifadəçini qısa kliplərdən ibarət virtual aləmə sürüklədiyi və bunlara baxdıqdan sonra bəzilərinin həyat üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışdığı, bu cür asılılıq yaradan məzmunun emosional vəziyyətə mənfi təsir etdiyi qeyd edilib.
Açıqlamada Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin çoxsaylı etirazları nəzərə alaraq və aparılan yoxlamalar əsasında «TikTok»-un ölkədə qadağan edilməsi barədə qərar qəbul edildiyi və qərarın icrası üçün Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edildiyi bildirilib.
«TikTok»-un ölkədə qadağan edilməsi qərarının heç bir geosiyasi məqsəd daşımadığı vurğulanaraq, «TikTok»-un dayandırılması qərarının uşaqların mənəvi tərbiyəsinə mənfi təsir göstərə biləcək, psixoloji sağlamlığına zərər verə biləcək məlumatlardan qorumaq üçün qəbul edildiyi xatırladılıb.
Murad Şahməmməd


















































































