Ukraynanın prezidenti kim seçildi?
Mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkilərində Ali Radanın üzvü, məşhur iş adamı, "Roshen" qənnadı korporasiyasının sahibi Pyotr Poroşenko qalib gəlib. Ukrayna Mərkəzi Seçki Komissiyası artıq bülletenlərin 33,2%-ni hesablayıb. P. Poroşenko 54,08%, onun ən ciddi rəqibi, "Batkivşina" (Vətən) Partiyasının lideri Yuliya Timoşenko 13,12%, millətçi Radikal Partiyasının lideri Oleq Lyaşko 8,4%, Yuşşenkonun prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutmuş Anatoli Qritsenko 5,51%, Regionlar Partiyasının üzvü, namizədliyini özü irəli sürmüş Sergey Tigipko 5,08%, Regionlar Partiyasının rəsmi namizədi Mixail Dobkin 3,32%, Vadim Rabinoviç 2,2% səs toplayıb. Digər namizədlər 2 faizdən az səs alıb.
"Exit-poll"un nəticələrinə görə isə P. Poroşenko 55,7% səs alaraq prezident seçilib. Y. Timoşenko 12,8%, O. Lyaşko 8,1%, A. Qritsenko 6,3%, S. Tigipko 4,8% səs yığıblar.
MSK ilkin informasiyalar əsasında səsvermədə 60,27% seçicinin iştirak etdiyini açıqlayıb. Silahlı separatçı və terrorçuların aktiv olduğu və əksər məntəqələrin fəaliyyət göstərə bilmədiyi Donetsk və Luqansk vilayətlərində ən aşağı faiz qeydə alınıb. Ölkənin qərbindəki Lvov, Ternopol və İvano-Franskovsk vilayətlərində ən yüksək seçici fəallığı müşahidə olunub.
Mediainfo.az