İlham Əliyevdən kritik Ankara səfərində önəmli mesajlar - FOTOLAR, VİDEO
Dövlət başçısı "Türkiyənin yanındayıq" dedi; Ərdoğan: "Azərbaycan qara günün dostu olduğunu göstərdi"; ölkələr arasında 6 sənəd imzalandı
Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Türkiyəyə işgüzar səfərə gedib. Xatırladaq ki, əslində martın 15-də Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə gəlməliydi. Ancaq martın 13-də Ankarada baş verən dəhşətli terrorla əlaqədar olaraq prezident Rəcəb Tayyib Ərdoğan Bakıya gələ bilməyib. Buna qarşılıq olaraq İlham Əliyev görüşün Ankarada baş tutması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Türkiyə rəsmiləri tərəfindən məmnunluqla qarşılanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Ankarada çox mehriban qarşılayıb. Ankarada rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra prezidentlərin təkbətək görüşü olub.
Sonra isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib.
Toplantıda ikitərəfli əlaqələrin genişlənməsi və inkişafına dair məsələlər müzakirə olunub. Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.
Prezidentlərin mətbuat konfransında mesajlar: "İndi Putin düşünsün"
Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib ki, terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər, Azərbaycan kimi dost və qardaş ölkələrin də dəstəyi ilə bu sıxıntıları arxada qoyacaqlar: "Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Dəyərli qardaşım İlham Əliyevin bu addımı Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik".
Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
R. T. Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: "Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Martın sonunda Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik. Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl - aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirdə iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq".
İlham Əliyev öncə Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib və bu dəhşətli terror aktını qətiyyətlə qınadığını, türk xalqının yanında olduğumuzu bəyan edib. Birliyimizin əbədi, sarsılmaz olduğunu deyib: "Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır. Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir. Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar. Biz TANAP və TAP layihəsini vaxtlı-vaxtında icra etməyə çalışacağıq. İnanıram ki, 2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik".
Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir".
İlham Əliyev Suriyadan gələn milyonlarla qaçqına sığınacaq verən Türkiyəyə minnətdarlıq edib və bildirib ki, Türkiyə bu addımı ilə dünyaya nümunə göstərib: "Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışdıq".
Mətbuat konfransının sonunda Ərdoğan və İlham Əliyev bir neçə dəfə və daha mehriban qucaqlaşıblar. Türk mediası bunu dərhal ilginc başlıqlarla, məsələn, "İndi Putin düşünsün"kimi sərlövhələrlə manşet xəbərlərinə çıxarıblar. Ümumiyyətlə, Azərbaycan prezidentinin Ankaraya indiki vaxtda səfəri Türkiyədə ciddi rəğbətlə qarşılanıb, siyasi mövqeyindən asılı olmayaraq qardaş ölkə mediası bunu "qardaşın-qardaşa köməyə gəlməsi" kimi dəyərləndirib.
Azərbaycan prezidentinin Ankaraya gəlməsinə yüksək qiymət
Türkiyə iqtidarı ilə yanaşı müxalifət və müstəqil mütəxəssislər də İlham Əliyevin Türkiyə səfərini yüksək qiymətləndiriblər.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) tanınmış simalarından olan İsa Yaşar Tezel musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan prezidentinin bu gözəl jestini Türkiyə və türk xalqı heç bir zaman unutmayacaq: "Əmin olun, bu, Türkiyə dövlətinə və türk millətinə çox böyük ruh yüksəkliyi verəcək. Odur ki, Azərbaycan prezidenti hörmətli İlham Əliyevin Türkiyəyə səfər etməkı qərarını dəstəkləyirəm. Türk dövlətinin və millətinin buna ehtiyacı var idi. Azərbaycan dövlətinin ən ağır günlərimizdə bizim yanımızda olması türk millətini çox şad etdi və bəzi qonşu dövlətlərə də mesaj oldu. Azərbaycan prezidentinin bu gözəl jestini dövlətimiz və millətimiz heç bir zaman unutmayacaq".
İsa Yaşar Ankara terrorunun artıq ikinci dəfə prezident Ərdoğanın Azərbaycana nəzərdə tutulan ziyarəti ərəfəsində törədilməsinin düşünülmüş olduğunu istisna etməyib: "Bu, həm təsadüf, həm də Türkiyə-Azərbaycan münasibətlərini baltalamaq istəyən güclərin barmağı ola bilər. Rusiya ilə təyyarə böhranından sonra prezident İlham Əliyevin "qazı biz veririk" açıqlaması Türkiyə xalqında dərin bir sevinc və sevgi yaratdı. İndi bölgədə tək dostumuz-qardaşımız olan Azərbaycanla əlaqələrimizi pozmağa, münasibətlərimizə əngəl olmağa çalışa bilərlər. Rusiya Ermənistan, Suriya və PKK-ya lojistik dəstək verməkdədir. PKK Ermənistan mobil operatorundan istifadə edir, telefon və simsiz əlaqələrini Ermənistan operatorları vasitəsilə həyata keçirir. Durum belə bir mərhələyə gəlmişkən bölgədə bizi tərk etməyən tək ölkə Azərbaycanla əlaqələrimizi, əlbəttə, pozmaq istəyəcəkdilər. Buna hazırlıqlı olmalıyıq".
İstanbuldakı Yeni yüz il Universitetinin prorektoru Yaşar Hacısalehoğlu APA-ya deyib ki, İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir: "Prezident İlham Əliyev qətiyyət nümayiş etdirib, bu addımı atıb. Burada səmimiyyət, qardaşlığın şərtlərini tərəddüdsüz yerinə yetirmək, "Bir millət, iki dövlət" prinsipinə sadiqlik var. Son illərdə Türkiyə ilə Azərbaycan arasında başda enerji olmaqla, bir çox sahələrdəki yaxınlaşma bəzi ölkələri narahat etməkdədir. İki qardaş ölkənin əməkdaşlığına mane olmaq vasitələrindən biri də terror aktıdır. Türkiyənin bu sıxıntılı günlərində prezident İlham Əliyev başda TANAP layihəsi olmaqla, iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıyan məsələlərin Ankarada da müzakirə oluna biləcəyini dünyaya göstərib. Bu addım istər Türkiyə-Azərbaycan münasibətləri, istərsə də diplomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb".
Mediainfo.az