Bakıdakı Hindistan səfirliyindən cavab tələbi
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində hindistanlı iş adamlarının sərgi açması ilə bağlı mətbuatda gedən məlumatla əlaqədar Hindistanın Azərbaycandakı səfiri Sanjay Ranaya müraciət göndərib.
QAT-dan Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir: "Mətbuatda gedən məlumatlara görə, Hindistanın bir neçə şirkəti tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində, Xankəndi şəhərində ərzaq, paltar, ədviyyat, bəzək əşyaları və sairdən ibarət sərgi təşkil olunub. Sərginin təşkilatçıları kimi hindistanlı iş adamları Aman Xan, Vidjey Qoelin adları hallanır. Xahiş edirik bu məsələyə aydınlıq gətirəsiniz, Azərbaycan ictimaiyyətinə cavab verəsiniz. Hər kəsə məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ və digər əraziləri Ermənistan tərəfindən işğal olunub, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərinin 20 faizini zəbt edib, bu işğal nəticəsində 20 mindən çox azərbaycanlı qətlə yetirilib, Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər yaşayış məntəqələrində soyqırımı törədib. Ona görə də işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimlə hər hansı əlaqənin qurulması işğalçının, terrorçunun, separatçı rejimin dəstəklənməsi, himayə edilməsi kimi qiymətləndirilməlidir". Müraciətdə daha sonra bildirilir: "Əgər fakt təsdiqini taparsa, biz bunu Hindistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliyi kimi, terrorçu və separatçı rejimə, həmçinin işğalçı Ermənistana dəstəyi kimi dəyərləndirəcək, Hindistanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq".
































































































