Andropov SSRİ-ni necə dağıtdı: Şok faktlar

Andropov SSRİ-ni necə dağıtdı: Şok faktlar

9 Dekabr 2021 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Əsrin ən böyük geosiyasi fəlakəti”nin (sitat Rusiya Prezidenti Vladimir Putinə məxsusdur. 25 aprel 2005-ci ildə V.Putin Rusiya Federasiyası Federal Məclisinə müraciətində deyib: “Hər şeydən əvvəl etiraf etmək lazımdır ki, Sovet İttifaqının dağılması əsrin ən böyük geosiyasi fəlakəti idi. Rus xalqı üçün bu, əsl dram halına gəldi. Bizim on milyonlarla vətəndaşımız və soydaşımız Rusiya ərazisindən kənarda qaldı. Üstəlik, parçalanma epidemiyası Rusiyanın özünə də yayıldı”-S.Həmid) – SSRİ-nin dağılmasının 30-cu ildönümü yaxşınlaşır. Mübahisə səngimək bilmir: Sovet İttifaqının "ölümü" təbii səbəblərdən baş verib, yoxsa o qeyri-adekvat rəftarın qurbanı olub? Yaxud “xəstə” bəlkə də heç xəstə deyildi, həkim qiyafəsində olan qatillərin əlinə düşüb, diaqnozu uydurub xəstəni ölənədək müalicə ediblər? Onlardan biri Yuri Andropov ola bilər.

Oxuməni.az Teleqraf.com-a istinadən ən yeni siyasi tarixdə baş verən mühüm hadisələrə dair məqalələr silsiləsindən növbəti məqaləsi SSRİ-nin dağılmasında Yuri Vladimiroviçin rolu barədə yazənə təqdim edir:

“Yenidənqurma” adlanan epoxadan əvvəlki dövrün bir çox siyasi və dövlət xadimləri arasında Yuri Andropovun mübhəm siması xüsusi fərqlənir. O, 15 il Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və Leonid Brejnevin ölümündən sonra ABŞ-dan sonra dünyanın ikinci nüvə dövlətinin hakim partiyası olan Sov.İKP MK-nın baş katibi kimi onun yerini tutub.

O, uzun müddət idarə etmədi – bir il yarımdan az. Və ölümündən bir neçə il sonra onun idarə etdiyi ölkə – Sovet İttifaqı yox oldu. Xüsusi xidmət orqanlarının tarixçisi Aleksandr Kolpakidi hesab edir ki, Qorbaçovun gəlişini, yenidənqurmanı və ilk fəhlə-kəndli dövlətinin dünya xəritəsindən silinməsinə gətirib çıxaran bütün sonrakı hadisələri məhz Andropov hazırlayıb. Biz tarixçidən öz fikrini əsaslandırmasını xahiş etmişik.

– Siyasətdə təcrübəsi olmayan adi sovet adamı Andropovu az qala Stalinin reinkarnasiyası kimi qəbul edirdi. O, işləri qaydaya saldı, sosialist nizam-intizamı uğrunda mübarizə apardı: bir çoxları gəzənlərlə bağlı kinoteatrlara basqınları hələ də xatırlayır. Siz isə deyirsiniz ki, o, qəlbinin dərinliklərində antisovetçi olub və SSRİ-ni gizlicə dağıdıb? Bu şübhələr nəyə əsaslanır?

– Bu şübhələr Qorbaçovu ortaya çıxaranın məhz Andropov olduğu aydın olanda yarandı. Qorbaçov isə SSRİ-ni dağıtdı.

– Qorbaçovu ortaya çıxaranın məhz Andropov olduğu sübut olunubmu?

– Bəli, yüz faiz. O, Qorbaçovun hamisi idi. Amma həmfikir olmaları şərt deyil. Burada daha incə oyun var idi.

Görünür, Andropov başa düşdü ki, vacib vəzifələrə sadəcə olaraq pis hazırlanmış insanlardan istifadə etmək olar. Buna görə də o, olduqca qəribə insanları irəli çəkdi. Hansılar ki, özləri hər şeyi məhv etdilər. Qorbaçov, Rıjkov (1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov), Liqaçyov və digərləri. Həmin Yeqor Kuzmiç Liqaçyov: o, 20 il idi ki, doğma Tomskda oturmuşdu. Və 1983-cü ildə – ahıl çağında, pensiyaya çıxmaq ərəfəsində qəfildən Sov.İKP MK-da işə götürüldü. Bunun təşəbbüskarı Andropovdur. O zaman Liqaçevin 63 yaşı var idi...

– Sizə çox məşhur bir dissidentlə aramızda çoxdan olmuş söhbətimizi danışa bilərəm. Onu həbs ediblər, sonra o tövbə edib. Mən ondan niyə “sındığını” soruşdum. O dedi ki, həbs olunandan sonra Andropov onunla söhbət edib. DTK rəhbəri ona axmaq işlərlə məşğul olmamağı tövsiyə edib, çünki tezliklə liberal ziyalıların bütün tələbləri yerinə yetiriləcək. Bütün samizdat və tamizdatlar SSRİ-də çap olunacaq, xaricə səfərlərə icazə veriləcək. Bu söhbət 70-ci illərdə olub və bir neçə ildən sonra hər şey başlayıb...

– Andropov 1967-ci ilin iyulundan DTK-ya, gizli xidmətə rəhbərlik edib. Və o, sosialist quruluşunu dağıtmaq üçün etdiyi hər şeyi gizli edib. Maraqlıdır ki, indiki hakimiyyət onu öz kumiri hesab edir. Əlbəttə, onlar bu barədə açıq danışmırlar. Axı, bütün bu hekayə pis bitib – Sovet İttifaqı dağılıb. Və bu insanlar özləri, bu çöküşün benefisiarları bunun ən böyük geosiyasi fəlakət olduğunu deyirlər.

– Bütün bunlar güclü konspirologiyadan xəbər verir. İstənilən halda sübut eşitmək istərdim.

– Yalnız ayrı-ayrı pazllar əlavə etməklə bütün bu tarixi bərpa etmək olar. Andropovun masonluğu sevdiyi məlumdur. Onun köməkçisi Filipp Bobkov və onların ortaq agenti və həmfikri, tarixçi Nikolay Yakovlev (“MKİ SSRİ-yə qarşı” kitabının müəllifi) da bundan xoşlanırdılar. Masonlarla yanaşı, Andropov sistem analizini də sevirdi. Onun rəhbərliyi altında 1976-cı ildə Moskvada Jermen Qvişianinin rəhbərlik etdiyi Ümumittifaq Sistem Tədqiqatları Elmi-Tədqiqat İnstitutu (VNİİSİ) yaradıldı. Və bir çox yenidənqurmaçı oradan çıxdı...

(VNİİSİ Avstriyada açılmış Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun (MİPSA) sovet filialı idi. Onun yaradılmasında NKVD generalının oğlu və Roma klubunun üzvü, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin kürəkəni Qvişiani də iştirak edirdi. Bu qurumlar 90-cı illərin əvvəllərində bazar islahatları aparan gənc islahatçı kadrların əsl qalasına çevrilmişdi – S.Həmid).

– Andropov ölkəni cəmi 15 ay – 12 noyabr 1982-ci ildən 9 fevral 1984-cü ilə kimi idarə edib. O, bu qədər qısa müddətdə nə edə bilərdi?

– Real olaraq o, ölkəni daha uzun müddət – 1970-ci illərin ortalarından idarə edib. 1974-cü ildə Brejnev ciddi sağlamlıq problemləri yaşadı. Faktiki olaraq ölkəni onun adından “üçlük” idarə edirdi. Andropovla yanaşı, onun tərkibinə Siyasi Büronun ən yaşlı üzvləri, xarici işlər və müdafiə nazirləri Andrey Qromıko və Dmitri Ustinov daxil idi. Andropov Qromıkonu öz adamları ilə əhatə etdi: 1975-ci ildə Xarici İşlər Nazirliyində ilk dəfə olaraq DTK-nın şöbəsi yaradıldı. Qromıkonun rəhbərliyi altındakı Xarici İşlər Nazirliyi tamamilə çürümüşdü. Təbii ki, Qromıkonun özü qarmaqda idi.

Ustinov isə faktiki olaraq müdafiə naziri deyil, hərbi sənaye kompleksinin rəhbəri idi. Andropov bunu əla başa düşdü və bu yolla da Ustinovu əlində saxladı. Ona SSRİ iqtisadiyyatını sarsıdan bütün ağılsızlıqlara icazə verildi – onun bütün bitib-tükənməyən tankları və çox sayda pərçimlənmiş digər “dəmir parçaları” tamamilə lazımsız idi.

– Üç nəfər hələ bütün Siyasi Büro demək deyil. Bəs digər “yoldaşlar” necə?

– Açar məsələlərdə Andropova həmişə daha iki nəfər qoşulurdu. Bu, partiyada formal olaraq ikinci şəxs – ideologiyaya rəhbərlik edən Mixail Suslov və Sov.İKP MK-nın xarici siyasətə, xarici kommunist partiyaları və solçu hərəkatlarla əlaqələrə cavabdeh olan beynəlxalq şöbəsinin müdiri Boris Ponomaryevdir. Mən şübhələnirəm ki, o, Suslovu necəsə saxlayıb, Ponomaryev isə onun həmfikri – qızğın antistalinist idi.

– Stalinə münasibət 70-80-ci illərdə önəmli idi?

– Sov.İKP “verxuşkası” üçün bu çox vacib idi. Xüsusi xidmət orqanları ilə bu və ya digər şəkildə əlaqəli olan insanlar hələ də belə bir mif yaradırlar ki, Andropov Əfqanıstana qoşun yeridilməsinin əleyhinə olub. Amma sənədlər dərc olunan kimi məlum oldu ki, məhz Andropov qoşun yeridilməsi ilə bağlı çıxış edib və yuxarıda adları çəkilən xadimlər onu dəstəkləyiblər.

Zbiqnev Bjezinski sonralar etiraf etmişdi ki, Birləşmiş Ştatlar SSRİ-ni qəsdən “əfqan tələsinə” salıb ki, onun “öz Vyetnamı” olsun. Belə də oldu. Sov.İKP MK Siyasi Bürosunun üzvü Viktor Qrişin xatırlayırdı ki, Andropov Əfqanıstanın yeni rəhbəri Hafizulla Aminin Mərkəzi Kəşfiyyat İdarəsinin sanki agenti olduğunu, ABŞ-ın Əfqanıstanda “Perşinq” raketləri yerləşdirməyə hazırlaşdığını bəyan edib. Brejnev inanıb və əməliyyatın başlanmasına razılaşıb. Sonra hər şeyin yalan olduğu ortaya çıxdı.

Xüsusi xidmət orqanlarının tarixçisi Aleksandr Kolpakidi

Mən Aminin MKİ agenti olduğuna dair uzun illərdir ki, sübut axtarırdım. Kiçicik bir sübut yoxdur. Bu sübutu axtararkən mən Andropovun ona niyə nifrət etdiyini başa düşdüm. Amin qızğın stalinist idi.

Sovet xüsusi təyinatlılarının Aminin sarayına məşhur hücumu sarayı müdafiə edən əfqanların hücum edənlərin ağzından rus ədəbsiz sözlərini eşitdikləri ana qədər davam edib. Onlar dərhal təslim olublar. Onlar hücum edənlərin rus olduqlarını bilmirdilər, elə bilirdilər ki, saraya “duşmanlar” (Əfqanıstan hökumətinə və Sovet İttifaqına qarşı döyüşən mücahidlər-S.Həmid) basqın edir. Əlbəttə, bu, tarixdə müqayisəsi olmayan qəhrəmanlıq hadisələri idi. Amma bütün bunlar nədənsə qəribə görünür.

– SSRİ 70-ci illərin ortalarından etibarən xarici siyasətdə öz mövqelərini açıq şəkildə təhvil verməyə başladı. Bu təsadüf idimi?

– Məlumdur ki, kommunizm nəzəriyyəsi nüfuz dairəsinin daim genişlənməsini nəzərdə tutur. Bu, 70-ci illərin ortalarına qədər praktikada baş verib. Sonra isə proses dayandı. Bu zaman sandinistlər Latın Amerikasında aktiv hərəkət edirdilər, onları kubalılar dəstəkləyirdi. Lakin Sovet İttifaqı onları dəstəkləmədi. Həmin vaxt SSRİ-də onları ultrasolçu, ekstremist və sair adlandırırdılar.

Məhz bu zaman Sovet İttifaqı “neft iynəsinə” oturdu. Andropovun dövründə Reyqanın ulduz müharibələri proqramı ilə bağlı blefi əsasında silahlanma yarışı kəskin şəkildə artdı. Sual olunur: bəs 1967-ci ildən Andropovun şəxsən rəhbərlik etdiyi kəşfiyyat xidməti harada idi? Bu, Amin ilə eyni uğursuzluqdurmu?

– Siz nəyə görə düşünürsünüz ki, bunun arxasında adi səriştəsizlik, işləməyi bacarmamaq yox, pis niyyət dayanırdı?

– Çünki bütün bunların hamısında sistem hiss olunur. Və bütün sferalarda oxşar şeylər baş verir.

Məsələn, Andropov sol hərəkatı açıq şəkildə necə deyərlər, axıdırdı. 70-ci illərin ortalarına qədər SSRİ-nin dünyada təsiri ağlasığmaz templə artırdı. 1974-cü ildə Portuqaliyada hərbi çevriliş baş verir. Və hakimiyyətə gəlirlər: baş nazir kommunistdir, prezident – Baş Qərargahın keçmiş rəisi, general, kommunistdir. Orduya kommunistlər nəzarət edir. Kommunist Partiyası ölkənin ən böyük partiyasıdır. Lakin 1975-ci ildə bir kommandos alayı yeni çevriliş edir. Kommunist hakimiyyət isə heç bir müqavimət göstərmədən eniş edir. Bu necə ola bilər? Bir alay bütün ölkəni necə diz çökdürə bilər? Ordu? Sadəcə, Moskvadan Portuqaliya Kommunist Partiyasına əmr var idi – müqavimət göstərməyin.

Peruda da situasiya eynidir. 1960-cı illərin sonunda hərbçilər hakimiyyəti götürdülər, sosializmdən danışdılar, bizimlə yaxşı münasibət qurdular. Faktiki olaraq SSRİ-nin Peruda gizli hərbi-dəniz bazası var. Lakin 1975-ci ildə prezident general Xuan Alvarado qəfil xəstələndi və işdən uzaqlaşdı. Amerikalılar növbəti çevriliş edirlər. Bu çevriliş ölkəni kapitalist inkişaf yoluna qaytarır. Və Sovet İttifaqı heç nə etmir. Halbuki, ABŞ-ın “qarnının altında” sosialist ölkələrinin bütöv bloku yarana bilərdi – Kuba, Peru, Çili.

Fransada Mitteran qalib gəlir. Onun sosialist proqramı var. Lakin amerikalılar Mitteranı sıxırlar və o, proqramını həyata keçirməkdən imtina edir. Biz isə Mitterana heç bir şəkildə kömək etmirik. Necə ki, portuqallara, perululara kömək etmədik. Afrikada da eyni hekayələr. Hər yerdə sızma baş verir.

– Çinlə münasibətlərin kəskinləşməsini də xatırlamaq olar. Sizcə burada da Andropov günahkardır?

– Andropov Çinin qatı düşməni idi. Niyə? Çünki çinlilər stalinist idilər. Belə bir personaj olub – Viktor Lui (ingilis və sovet jurnalisti, Andropovun ən delikat tapşırıqlarını yerinə yetirən çoxillik DTK agenti-S.Həmid). 1968-ci ildə Pekinlə münasibətlərin kəskinləşməsi dövründə Viktor Lui həm də yerli xüsusi xidmət orqanlarının kuratoru olan Çan Kayşinin oğlu ilə danışıqlar aparmaq üçün Tayvana göndərildi. O, ona bildirib ki, münaqişə yaranarsa, SSRİ Çinə xəbərdaredici nüvə zərbəsi endirməyə hazırdır. Tezliklə London qəzetlərinin birində Luinin məqaləsi dərc olundu və həmin məqalədə də eyni fikirlər səsləndi.

– Görünür, bu, Çini danışıqlara məcbur etmək əməliyyatı idi, amma reallıqda heç kim heç bir nüvə zərbəsi endirməyə hazırlaşmırdı?

– Sərhəd münaqişəsinin (Damansk böhranı nəzərdə tutulur. Bu böhran barədə daha ətraflı linkə basmaqla məlumat əldə etmək olar-S.Həmid) nizamlanması ilə bağlı danışıqlar bərpa olundu, lakin uzunmüddətli perspektivdə bunun çox mənfi nəticələri oldu. Təsəvvür edin: bir sosialist ölkəsi digər sosialist ölkəsinə nüvə zərbəsi endirməyə hazırlaşır. Çinlilər bunu biləndə, yumşaq desək, heç də şad olmadılar. Bundan sonra onlar ABŞ-la gizli danışıqlara başladılar. Fakt budur ki, Çinlə münasibətlərin kəskinləşməsi Andropovun vicdanındadır.

– Viktor Lui Andropovun şəxsi agenti idi?

(Ardı var)