Mitropolit Şio Gürcüstanın yeni patriarxı seçildi

Mitropolit Şio Gürcüstanın yeni patriarxı seçildi

11:21
Bəyəndim (1) Bəyənmədim (0)


Bütün Gürcüstanın katolikos-patriarxı 57 yaşlı mitropolit Şio (dünyada - Elizbar Muciri) seçildi. Oxuməni.az xəbər verir ki, bu barədə BBC media şirkəti məlumat yayıb.
Onun namizədliyini Gürcü Pravoslav Kilsəsinin (GPK) Müqəddəs Sinodunun genişləndirilmiş iclasının iştirakçılarının əksəriyyəti dəstəkləyib. Bazar ertəsi, mayın 11-də Tiflisdəki Müqəddəs Üçlük (Sameba) kafedralında keçirilən səsvermədə Sinodun 39 üzvü iştirak edib və seçilmək üçün ən azı 20 səs toplamaq lazım idi. Şio 22 səs alaraq digər iki namizədi qabaqlayıb.
Gürcüstan Pravoslav Kilsəsinin başçılığı uğrunda digər iddiaçılar - mitropolit İov (Akiashvili) və mitropolit Qriqol (Berbiçaşvili) müvafiq olaraq 9 və 7 səs toplayıblar. Bundan əvvəl Şio artıq patriarx taxtının naibinin mühüm vəzifəsini tutmuş, II İlia-nın səhhəti pisləşdikdən sonra faktiki olaraq kilsəni idarə etmişdi.
Gələcək patriarx 1969-cu ildə Tiflisdə anadan olub. Əvvəlcə Tiflis Dövlət Konservatoriyasında çello sinfində təhsil alıb, lakin sonradan Şio-Mğvime monastırına gedərək monax həyatı seçib. Yanvar 1993-cü ildə monaxlıq qəbul edib.
2000-ci illərin əvvəllərində Şio Rusiyanın Moskva şəhərindəki Böyük Şəhid Georgi kilsəsində keşiş olub, Rusiyada ilahiyyat təhsili alıb. 2003-cü ildə Gürcüstana qayıdıb, yeni təsis edilmiş Senaki və Çxorotsku yeparxiyasının yepiskopu seçilib. 2009-cu ildə arxiyepiskop, bir il sonra isə mitropolit rütbəsinə yüksəlib.
Gürcüstan Pravoslav Kilsəsinin əvvəlki rəhbəri - katolikos-patriarxı II İlia - 17 mart 2026-cı ildə 93 yaşında vəfat edib. O, GPK-ya demək olar ki, yarım əsr rəhbərlik edib və Gürcüstanın müasir tarixində ən nüfuzlu şəxslərdən biri hesab olunurdu.
Şionun vəzifəsinə rəsmi qəbulu mayın 12-də Svetitsxoveli kilsəsində gözlənilir. Bundan sonra o, Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi Arxiyepiskopu, Biçvinta və Çxum-Abxaz mitropoliti III Şio kimi tanınacaq.
Almaz Həsənli