Özbəkistanda intriqa yaradan, amma öz başı gedən komissar – Apresyan Yusupova bata bilməyib

Özbəkistanda intriqa yaradan, amma öz başı gedən komissar – Apresyan Yusupova bata bilməyib

15 Yanvar 2022 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

1938-ci ilin mart ayında SSRİ-nin baş prokuroru Andrey Vışinskinin Özbəkistan KP MK-nın birinci katibi Usman Yusupovla telefon danışığı yarım saatdan artıq davam etsə də, tərəflər mübahisəli məsələyə aydınlıq gətirə bilməyiblər. Baş prokuror birinci katibi Özbəkistanda antisovet fəaliyyətlə məşğul olanlara qarşı ciddi mübarizə aparmamaqda ittiham edib, onu da bildirib ki, onun haqqında Kremlə daxil olan şikayət məktublarının sayı günü-gündən artmaqdadır.

Özünü müdafiə etməyə çox da cəhd etməyən Yusupov Vışinskiyə bir cümlə ilə cavab verib:

- Nə qədər ki, siz, Moskva, Kreml Özbəkistana göndərdiyiniz kadrları öyrənməmiş vəzifəyə təyin edəcəksiniz, vəziyyət belə davam edəcək və yəqin bilməmiş deyilsiniz, partiya rəhbəri ittifaq miqyasında olduğu kimi, müttəfiq respublikalarda da bütün sahələrə nəzarət etmək səlahiyyətinə malikdir, o cümlədən prokurorluq və “NKVD” orqanlarına da.

860.jpg (100 KB)

Yusupov nəyə və kimə eyham vurub, hansı kadr təyinatını nəzərdə tutub? Bu telefon danışığından sonra birinci katibi təcili Moskvaya getməyə nə məcbur edib?

Əlbəttə, SSRİ-nin kadr siyasətinə beş barmağı kimi bələd olan Andrey Vışınski söhbətin kimdən getdiyini dərhal başa düşüb. Baş prokuror birinci katibin Özbəkistan “NKVD”-sinə rəhbərlik edən Derenik Apresyanın qaranlıq fəaliyyətindən narahatlığını anlayıb və bu narahatlığı aradan qaldırmaq üçün təcili tədbirlərin görülməsini zəruri sayıb.

Derenik Apresyan 1899-cu ildə Qazaxda anadan olub. 1917-1918-ci illərdə “Daşnaksütyun”un ən fəal üzvlərindən biri kimi tanınıb. Sonradan öz siyasi fəaliyyət istiqamətini böyük “çeviklilklə” dəyişərək bolşeviklər partiyasına üzv olub. Sverdlov adına kommunist universitetini bitirdikdən sonra o, Moskvada Yanacaq Təchizatı İdarəsində nəzarətçi işləməyə başlayıb. Sonrakı fəaliyyətini partiya orqanlarında davam etdirən Apresyan 1927-ci ildə ordu kəşfiyyatında xidmətə qəbul edilib. Artıq 1936-cı ildə o, “NKVD”-də şöbə rəisi vəzifəsinə qədər yüksəlib.

Apresyan_DZ.jpg (85 KB)

1937-ci ilin noyabr ayında Apresyan Özbəkistanda “NKVD”-yə rəhbər təyin olunub. Bu təyinatla o, ətrafa özünü daha yaxından tanıdıb.

Özbəkistana gəlişi ilə intriqalar yaradan Apresyan respublikada özünü birinci fiqur kimi təqdim etməyə çalışıb. Hətta partiya rəhbərləri ilə rəsmi və qeyri-rəsmi münasibətlərdə onlarla hədə-qorxu ilə danışmaqdan da çəkinməyib. Sözsüz ki, onun yaratdığı belə bir gərgin mühit Özbəkistanın birinci katibini narahat edib. Yusupov bir neçə dəfə Apresyana xəbrdarlıq etsə də, erməni komissar öz fəaliyyətini özü bildiyi kimi davam etdirib. Bu cür münasibətlər birinci katiblə komissar arasında gərgin münasibətləri daha da dərinləşdirib.

Apresyan Yusupovu sıradan çıxarmaq üçün bütün mümkün variantlara əl atıb. “NKVD” zirzəmisinə düşənlərin hamısından Yusupova qarşı ifadələr alınıb. Bununla yanaşı, Apresyan Özbəkistandan Moskvaya kütləvi şəkildə birinci katib haqqında şikayət məktublarının yollanmasını da təşkil edib.
Kreml Özbəkistandakı vəziyyətdən xəbərdar olub. Qeyd edək ki, Yusupov həmin dövrdə müttəfiq respublikaların birinci katibləri arasında ən nüfuzlu rəhbərlərdən biri sayılıb. Ancaq buna baxmayaraq, Apresyanın “fəaliyyəti” Kremldə Yusupovun xidmətlərinə az da olsa, kölgə salmağa başlayıb. Bütün bunlara son qoymaq üçün isə Yusupov məsələni Moskvada birdəfəlik həll etməyi qərara alıb.

473px-Берия.jpg (50 KB)

1938-ci ildə Beriya “NKVD”-nin birinci müavini vəzifəsində olanda Yusupov əvvəlcə onunla görüşüb. Beriya birinci katibə diqqətlə qulaq asıb və fikrini belə bildirib:

- Biz Qafqazda sovet hökuməti quranda Apresyan Moskvada benzin alveri edirdi.

Bu ifadə Apresyanın vəzifə karyerası və taleyi üçün kifayət edib.

Beriya və Vışınski məxfi şəkildə Apresyanın Özbəkistandakı fəaliyyətini araşdırdıqdan sonra ortaya daha ciddi məsələlər çıxıb. Apresyanın Özbəkistanda təkcə zəngin həyat tərzi, mütləq hakimiyyət ehtirası deyil, digər əməlləri də üzə çıxıb. Erməni komissarın həbsinə hazırlıq başlanıb və materiallar Stalinə təqdim edilib. Stalin sənədlərlə tanış olduqdan sonra qovluğun üzərinə dərkənar qoyub: “Həbs edilsin...”

Beləliklə, 20 noyabr 1938-ci ildə Apresyan Moskvaya dəvət olunub, “NKVD”-nin binasında onu həbs ediblər. O, Almaniya, İtaliya və Yaponiyaya casusluqda, terror aktlarının keçirilməsinə cəhddə ittiham olunub.

stalinskie_repressii.jpg (93 KB)

Dörd ay davam edən istintaqdan sonra SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası 15 fevral 1939-cu ildə onun haqqında güllələnmə hökmü çıxarıb. Hökm həmin gün “Kommunarka”da icra edilib.

Ölümündən sonra ailə üzvləri Apresyanın bəraət alması ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Amma bu müraciətlərə müsbət cavab verilməyib. Hətta belə müraciətlər SSRİ süquta uğrayandan sonra da davam etdirilib. Sonuncu dəfə isə Apresyana bəraət verilməsi ilə bağlı 2013-cü ildə Rusya Federasiyasının Ali Məhkəməsinə müraciət edilib. Məhkəmənin cavabı cəmi bir cümlədən ibarət olub: “Derenik Apresyanın bəraət alması məsələsi Ali Məhkəmənin iclasında müzakirə mövzusu ola bilməz...Musavat.com