Bəşəriyyət TƏHDİD ALTINDA - İtmiş atom bombaları hər an partlaya bilər

Bəşəriyyət TƏHDİD ALTINDA - İtmiş atom bombaları hər an partlaya bilər

18 Sentyabr 2022 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

Yüz minlərlə insanın ölümünə səbəb olan nüvə bombaları planetimiz üçün təhlükə olaraq qalmaqda davam edir. Dünyanın hər yerinə səpələnmiş, itmiş nüvə bombaları dənizlərin və okeanların dərinliklərində yatır... Bu günə qədər altı nüvə bombasını itirən ABŞ hələ də bu silahları tapa bilməyib...

1945-ci ildə ABŞ-ın Yaponiyaya atom bombası atmasından 4 il sonra Sovet İttifaqının ilk atom bombasını uğurla sınaqdan keçirməsi “soyuq müharibə”nin başlamasına səbəb oldu. 1950-ci illərdə başlayan qlobal münaqişənin getdikcə şiddətləndiyi bir vaxtda dünyanı məhv edəcək qədər güclü atom bombasının yoxa çıxması bu günə qədər sirr olaraq qalır.

İTƏN BOMBALARIN SİRRİ

Həmin illərdə çox sayda nüvə bombasının itməsi panikanı artırmamaq üçün gündəmə gətirilməyib. Soyuq müharibə dövründə 32 nüvə qəzası keçirən ABŞ ordusunun 6 atom bombasının hələ də tapılmadığı iddia edilir. Bu bombalardan birinin nüvə başlığı hələ də üzərindədir...

İtmiş nüvə silahlarına işarə etmək üçün “Sınıq ox” kod ifadəsini işlədən ABŞ ordusu üçün, bəlkə də, ən dəhşətli hadisə 1960-cı illərdə olub.

Soyuq müharibənin qızğın çağı, 1966-cı ilin qış səhəri... Yanvarın 17-də səhər saat 10:30 radələrində Alboran dənizində ispan balıqçı gəmisi səmada sürətlə hərəkət edən ağ tüstü şüası görüb. Əvvəlcə nə olduğu bilinməyən alov topu kilometrlərlə məsafədən dənizə düşüb.

Saatlar sonra fövqəladə vəziyyət kodu ilə Şərqi Siciliyadakı axtarış-xilasetmə qrupuna mesaj verilib. Mesajda İspaniyada çox məxfi vəziyyətin olduğu deyilib.

Lakin axtarış-xilasetmə qrupu vəziyyətin niyə gizli saxlandığını anlaya bilməyib.

“Axtarış və xilasetmə qrupları üçün bu cür mesajlar sürpriz deyil. Amma komanda olaraq anlaya bilmədiyimiz şey bunun niyə belə gizli saxlanması idi”, - komandanın üzvü Meyers öz gündəliyində yazır.

1 MİLYON TON TNT BOMBASI ARALIQ DƏNİZİNDƏ İTİB…

Həmin axşam böyük bir qrupla şam yeməyində olan komanda mesajı və gizli kodu zarafatla qarşılayıb. Qəzanın miqyası sonrakı günlərdə bütün dünya qəzetlərinin manşetlərinə çevrilib.

Dəhşətli qəza ilə bağlı müxtəlif şayiələr və nəzəriyyələr irəli sürülüb. Hətta İspaniyanın Almeriya əyalətində iki ABŞ hərbi təyyarəsinin havada toqquşduğu və təyyarələrin 4 ədəd B28 hidrogen bombası daşıdığı iddia edilib.

Axtarış nəticəsində 3 bomba sudan çıxarılıb, 1 milyon ton TNT partlayıcı gücə malik 1,1 meqatonluq döyüş başlıqlı bomba isə Aralıq dənizində itib.

İTƏN BOMBALARIN HƏQİQİ SAYI BİLİNMİR

Təbii ki, bu qəza nə ilk, nə də sonuncudur. 1950-ci ildən bəri itən atom bombaları dənizlərdə, bataqlıqlarda və dərin okeanlarda gizlənir.

Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun silahlara nəzarət mütəxəssisi Ceffri Lyuis deyir:

“Biz bu hadisələrin daha çox ABŞ-da baş verdiyini bilirik. Bunu 1980-ci illərdə ABŞ Müdafiə Nazirliyinin hazırladığı hesabatlardan və gizli sənədlərdən öyrənmişik”.

“Qarşılıqlı Məhv” doktrinası çərçivəsində (bir-birini məhv etmək hərbi siyasəti) 1960-1968-ci illərdə nüvə silahları daşıyan təyyarələr beynəlxalq hava məkanında uçuşlar keçirib.

ABŞ-dakı itkilər məlum olsa da, digər ölkələrinki məlum deyil. Xüsusilə İngiltərə, Fransa, Rusiya və Çinin itmiş bombaları ilə bağlı hər hansı məlumatın olmadığını deyən Lyuis bildirib ki, bu səbəbdən müqayisə aparmağa imkan yoxdur.

DƏNİZİN DİBİNDƏ BATAN 24 NÜVƏ SİLAHI

Xüsusilə Sovet İttifaqı dövründə nüvə silahlarına əhəmiyyətli məbləğdə büdcə ayıran Rusiyanın 1986-cı ildə təxminən 45.000 nüvə başlığı ehtiyatı olub. Lakin bu silahların nə qədərinin qəzalarda itdiyi bu gün də açıqlanmır.

8 aprel 1970-ci ildə Sovet İttifaqının Şimal Donanmasına təyin edilmiş atom sualtı qayığının Fransa ilə İspaniya arasındakı Biskay körfəzində texniki səbəblərdən batması nəticəsində 50 ekipaj üzvü həyatını itirib. Bundan əlavə, gəmidə olan 24 nüvə torpedası su altında qalıb.

1968-ci ildə Sovet K-129 sualtı qayığı Havay adalarının şimal-qərbində Sakit okeanda üç nüvə raketi ilə birlikdə müəmmalı şəkildə batıb. Tezliklə ABŞ bundan xəbər tutub və nüvə bombasını ələ keçirmək üçün gizli əməliyyata başlayıb.

Bundan başqa, 1989-cu ildə yanğın nəticəsində Norveç dənizində batan Sovet sualtı qayığı 23 ildən sonra normadan daha çox radiasiya sızdırmağa başlayıb. Tədqiqatçılar batmış sualtı qayıqdan radioaktiv sezium sızdığını iddia edirlər. 1680 metr dərinlikdə olan sualtı qayığın canlı biomüxtəlifliyi zədələyə biləcəyi ilə bağlı narahatlıq var.

İtmiş nüvə silahlarını axtaranlar təkcə rəqib dövlətlər olmayıb. Mülki sahibkarlar da nüvə bombalarının ardınca gediblər. 1976-cı ildə amerikalı milyarder Houard Huges itmiş bombalarla maraqlananlar arasında olub.

“Huges bunu “Azoriya Layihəsi” adlandırırdı. Amma təəssüf ki, batmış sualtı qayığı xilas etmək cəhdi baş tutmadı” - Ceffri Lyuis deyib.

RADİOAKTİV SIZINTILAR…

Bombaların tapılmasını təmin edən əsas amil onların buraxdıqları radioaktiv sızıntılar olub.

1988-ci ildə ABŞ ordusunun təqaüdçü zabiti Derek Duk 1958-ci ildə Corciya ştatının Taybi adasına düşmüş, itmiş atom bombasını axtarmağa başlayıb. İllərlə dənizin dibində qalan bombanı tapmaq üçün işə başlayan təqaüdçü zabit “Geiger” sayğacı ilə dəniz dibinin hər nöqtəsini axtarıb.

İtmiş bombaların yaydığı radiasiyanı araşdıran səlahiyyətli şəxslər bombaların heç bir izinə rast gəlmədiklərini əlavə ediblər. Əsas izləri hələ də tapılmayan üç bomba “Soyuq müharibə”nin acı xatirəsi kimi bu gün də planeti təhdid edir.

Bəs kütləvi qırğın silahları niyə bu günə qədər tapılmayıb? Bu bombaların partlama riski varmı?

BOMBANI RİYAZİ NƏZƏRİYYƏNİN KÖMƏYİ İLƏ AXTARDILAR

Meyersin hekayəsinə qayıdaq...

1966-cı ildə Amerikanın B52 bombardmançı təyyarəsi İspaniyanın cənubundakı Palomares sahillərində qəzaya uğradıqdan dərhal sonra Meyers və komandası 4 bomba axtarmaq üçün hadisə yerinə gediblər.

Meyers öz qeydlərində yazır:

“Bu, standart bir hərbi axtarış əməliyyatı idi. Ancaq ən böyük fərq axtarışların sürətləndirilməsi və sonra müəyyən edilməmiş bir tarixə qədər dayandırılması oldu. Silahlar üçün ciddi axtarış başladı, lakin sonra biz iki həftə gözlədik. Daha sonra sualtı tədqiqatlara əsas yer verildi”.

Bununla belə, Meyers və ekipaj üzvləri uzun müddət əmr gözləmək niyyətində olmayıblar. Komanda XVIII əsrdən qalmış bir riyazi teoremə əsaslanaraq axtarışa başlayıb.

Daha çox sübut və məlumat əldə edildikcə axtarış qrupunun həvəskar riyaziyyatçıları fərziyyənin ehtimalını yeniləmək üçün istifadə edilən, statistik nəticə metodu olan "Bayes teoremi”ndən istifadə ediblər.

Bununla yanaşı, o günə qədər enilməmiş dərinliklərə enə bilən ən müasir, dərin okean sualtı gəmisi “Alvin” də işlərə cəlb edilib və Aralıq dənizinin sularını axtarmağa başlayıb.

1966-cı il, martın 1-də kiçik sualtı qayığın axtarışları nəticə verib: bombalar suda parçalanması səbəbindən izlər buraxıb.

Nəhayət, itmiş bombalar tapılıb, lakin ən böyük problem onları sulardan necə çıxarmaq olub.

1000 metrdən uzun kəndirin ucuna bağlanan metal qarmaqların köməyi ilə əməliyyat başlamalı idi. Bu plana görə, bir dalğıc bombanı müəyyən nöqtələrə bağlayacaq və sabit bomba səthə çıxarılacaq. Lakin plan baş tutmayıb.

Bütün planı pozan bombanın arxasına bərkidilmiş paraşüt olub.

"Biz hər şeyi çox diqqətlə və yavaş-yavaş edirdik. Çox narahat idik, amma bombanın bağlı olduğu xəbərini aldıq. Biz onu yavaş-yavaş sudan çıxararkən fəlakətlə üzləşdik. Bombanın altındakı paraşüt sürəti azaltmış, hərəkətləri çətinləşdirmişdi. Çəki o qədər artmışdı ki, iplər qopdu, nüvə bombası yavaş-yavaş aşağıya doğru sürükləndi və bu dəfə əvvəlkindən də dərinə batdı” - Meyers əməliyyatın necə uğursuzluğa düçar olduğunu təsvir edir.

OKEANLARDA İTMİŞ SİLAHLAR TAPILA BİLƏRMİ?

Lyuis itmiş nüvə bombalarını tapmağın olduqca çətin olduğunu düşünür.

Okean səthi inkişaf etməkdə olan texnologiya sayəsində, görüntüləmə sistemlərinin köməyi ilə asanlıqla skan edilə bilər, ancaq hava şəraitinin tez-tez dəyişdiyi okeanlarda axtarış missiyaları həyata keçirmək qeyri-mümkündür.

ATOM BOMBALARI SUYUN ALTINDA ÖZ-ÖZÜNƏ PARTLAYA BİLƏR?

ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Ceyms Kudla 1989-cu ildə mətbuata açıqlamasında demişdi:

"Okeanın dibindəki aktiv nüvə silahlarına nə olacağını bilmək həqiqətən çətindir. Bombanın ətraf mühitə təsirinin sıfır olacağı gözlənilir, lakin buna tam təminat yoxdur”.

İtmiş nüvə bombaları partlamasa da, təəssüf ki, planetimiz üçün böyük təhlükə yaratmaqda davam edir. Axtarış cəhdlərinin qeyri-mümkünlüyü bizə bəşəriyyətin nüvə silahları qarşısında necə aciz olduğunu və planetin taleyinin ipdən asılı olduğunu xatırladır…
Musavat.com