İngiltərədə itirilən pul kisəsi Türkiyədə tapılıb

İngiltərədə itirilən pul kisəsi Türkiyədə tapılıb

21 Yanvar 2021 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Bursa şəhərində olan Mənzil-kommunal təsərrüfatının Kaya adlı işçisi gözlənilməz bir hadisə ilə üzləşib. O, zibili sortlaşdırarkən İngiltərənin Essex qraflığının Harlou şəhərində yaşayan səhiyyə işçisinə məxsus olan pul kisəsi tapıb. Pul kisəsində 24 yaşlı İngiltərə vətəndaşı xanım Nikita Tarviyə məxsus müxtəlif kartlar və sənədlər vardı. İlkin araşdırma zamanı məlum oldu ki, xanım Tarvi pul kisəsini 2019-cu ilin sentyabr ayında itirib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bununla bağlı İngiltərənin Daily Mail nəşri yazır ki, 24 yaşlı Nikita Tarvi (Nikita Turvey) 2019-cu ilin sentyabr ayında içərisində müxtəlif təyinatlı kartlar və sənədlər olan cüzdanını-pul kisəsini itirib. Bir həftə o, evdə və iş yerində hər yeri ələk-vələk edib, ən ağlagələməz yerləri belə yoxlayıb, lakin pul kisəsini tapa bilməyib. Naəlac qalan Nikita Tarvi itmiş pul kisəsində olan sənədlərini yenidən almaq məcburiyyətində qalıb və buna xeyli vaxt sərf etməli olub. Öz növbəsində xanım Tarvinin itirdiyi pul kisəsini 2020-ci ilin noyabr ayında Bursada aşkar edən Mənzil-kommunal təsərrüfatının işçisi Kaya instaqram vasitəsi ilə xanım Tarvi ilə əlaqə saxlamağa cəhd edib. Onun mesajını öncə spam hesab edən xanım Tarvi instaqramdan silib. Bunu görən pul kisəsini tapan bursalı Tarvinin adına olan sənədlərin foto-surətini çəkərək ona göndərib. Bundan təəccüblənən xanım Tarvi bir müddət məsələnin nə yerdə olduğunu anlamaqda çətinlik çəkib. Axı o heç vaxt Türkiyədə olmayıb. Bəs elə isə onda onun itmiş sənədləri necə olub Türkiyədə aşkar edilib? Məsələnin araşdırılması zamanı məlum olub ki, Böyük Britaniyadan olan zibil digər ölkələrə, o cümlədən Türkiyəyə emal olunmaq üçün göndərilir. Xanım Tarvinin də itmiş pul kisəsində olan sənədləri bu yolla Türkiyəyə göndərilib.

Bu qəribə əhvalat Bursadan olan Mənzil-kommunal təsərrüfatı işçisi ilə xanım Tarvi arasında dostluğa çevrilib. Türkiyəli yaşadığı yerin foto şəkillərini və videosunu xanım Tarviyə göndərib. O da eyni tərzdə bursalı dostuna cavab verib. Təsadüf nəticəsində möhkəm dostlaşan bu iki gənc koronavirus pandemiyası başa çatandan sonra qarşılıqlı şəkildə bir-birlərini öz ölkələrinə dəvət ediblər. İndi bursalının və xanım Tarvinin dostları zarafatla deyirlər ki, bu təsadüf onların ailə həyatı qurması üçün baş verib və evlənsələr haqlarında yaxşı bir kino çəkilə bilər. Həqiqətən də cütlük evlənəcəkləri təqdirdə bu, Allah tərəfindən onlara bəxş edilən xoş bir alın yazısı olacaq. Hər halda cütlük özü də pandemiya bitəndən sonra görüşərək yeni bir həyat yaşayacaqlarına ümid edirlər.

Yeri gəlmişkən onu da deyək ki, buna bənzər digər bir müəmmalı hadisə ABŞ-da baş verib. Belə ki, tualetə düşən üzük 47 il sonra Finlandiyada meşədə aıkar edilib. Üzüyün üstündəki sahibinin adına əsasən onun kimə aid olduğu müəyyən edilib və həmin şəxs axtarılaraq tapılıb. Lakin Amerikada tualetə düşən üzüyün minlərlə kilometr uzaqlarda Finlandiya meşəsinə necə gəlib çıxdığını bu günə kimi müəyyən etmək mümkün olmayıb...

Əziz Mustafa