BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

31 Oktyabr 10:23
Bəyəndim (8) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

20-ci hissə

Əvvəli keçən sayımızda

...Mehdixan susaraq, Ayselə baxdı. Aysel isə nifrət dolu baxışlarla ona baxıb içində Cahana lənət yağdırırdı. Mehduxanı itirməmək üçün Aysel hər şeyə hazır idi, hətta Cahanı öldürməyə belə.

Cahan xalası Məlahətin qapısına gəlmişdi. Qapıya yaxınlaşıb darvazanı açaraq içəri girib onu səslədi. Məlahət onu qarşılayıb evə dəvət edərək qapını bağlayıb qonaq otağına keçdilər. Bir az ordan-burdan söhbət etdikdən sonra Məlahət soruşdu:

- Sənə nə olub, Cahan? Telefonda səsin qəribə gəlirdi.

- Hə xala, səndən kömək istəməyə gəlmişəm, mənim sənin köməyinə ehtiyacım var.

- Gözəl qızım,-deyə Məlahət onun əlindən tutdu:

- Sən bilirsən ki, mən sənə kömək etməyə həmişə hazıram. De görüm nə olub?

- Xala, mənim 5000 manat pula ehtiyacım var. Mənə kömək edə bilərsən?-deyə Cahan ümid dolu baxışlarla ona baxdı.

Məlahət susdu. Deyəsən arzuladığı fürsət ayağına gəlmişdi. Bu fürsətdən lazımınca istifadə edə bilərdi. Cahanı artıq bu fürsətlə əlində saxlaya bilərdi. Amma təbii ki, onu hürkütməməli idi. Bu üzdən də sakit və səbirlə ona pulun nəyə görə lazım olduğunu soruşdu. Cahan isə hər şeyi olduğu kimi danışmaq istəmirdi. Çünki bilirdi ki, danışdıqları onun ailəsinə gedib çata bilər. Atası Fazil ilə küsülü olmasına baxmayaraq, istəmirdi ki, onlar daha pis fikirdə olsun. Cahan çox çək- çevir edib xırda borcları üçün pulu istədiyini bildirdi. Məlahət ayağa durdu, qonaq otağından çıxıb Cahanı tərk qoydu, az sonra sinidə çay dolu fincanlar və zərflə geri qayıdıb sinini masanın üstünə qoydu. Zərfi əlinə alıb Cahana uzadaraq dedi:

- Mən sənə kömək edə bilərəm.

- Doğrudan?

- Əlbəttə, xalan deyiləm. Mən sənə kömək etməyim, bəs kim kömək edəcək? Əlbəttə sən doğru ünvana gəlmisən, qızım.

- Xala, mən bilirdim ki, sən məni darda qoymazsan. İnan, məni elə sevindirdin.

- Bəs necə gözəl qızım, sənə mən kömək etməyim, kim edəcək. Amma bir şərtim var,-deyə Məlahət hiyləgərcəsinə ona baxdı.

Cahan təəccüblə:

- Şərtin?-deyə soruşdu.

- Hə, gözəlim, şərtim var. Düşünürəm ki, sən mənim bu şərtimi qəbul edəcəksən.

- Şərtin nədir, xala?

- Qulaq as Cahan, istəyirəm ki, sən mənə xidmət göstərəsən. Nə gizlədim, vallah baxımlısan, gözəlsən, ona görə də istəyirəm ki, sənə verəcəyim bu pulun qarşılığında səni ərə verim.

- Nə?-deyə Cahan təəccüblə ona baxdı.

-Təəccüblənmə gözəl qızım. Mən həqiqətən ciddi deyirəm.

- Xala, sən nə danışırsan, mən ərə getməyi düşünmürəm. Mən oxumalıyam, artıq bir ildən sonra universiteti bitirirəm, işləyib çox imkanlı bir xanım olacağam. Mən sənin təklifinə yox deyirəm, əgər sən mənə bu şərtlə pul verirsənsə, lazım deyil.

- Eh, Cahan, doğrudan da sən axmaq və avamsan. Mən səni elə-belə adama ərə vermirəm, çox imkanlı bir şəxsə ərə verirəm. Əlbəttə sən onun sayəsində...

- Yetər-deyə Cahan xalası Məlahətin sözünü ağzında qoydu. Ona bu təklifi ilə razı razılaşmadığı və köməyə ehtiyacı olmadığını deyib onun evini tərk etmək istədikdə Məlahət onu saxladı:

- Yaxşı fikirləş, Cahan, mən səni elə-belə adama vermirəm. İnan ki, sənin üçün yaxşı olacaq. Tələsmə, mənim bu təklifimi fikirləş...

Bəzən həyat dözülməz olur deyirlər, amma əslində həyat dözülməz yox, insanlar dözülməz olurlar. İnsanları amansızlaşdıran, qəddarlaşdıran həyat deyil, elə insanların özləri olurlar. Hər bir kəs öz işinin xatirinə məqsədə çatmaq üçün nəsə qurban verməlidir. Xalası Məlahətin təklifinə Cahan cavab verməmişdi. Əslində belə bir təklifi gözləmirdi. Onun təklifinə cavab verməyib evə gəlmişdi. Düşünməli idi Cahan. Artıq hər şey necə deyərlər, onun üçün çox çətin olmuşdu. Mehdixanla münasibətlərinə Ayseldən sonra son qoymaq qərarına gəlmişdi. Ondan ayrılmaq istədiyini bildirdikdə Mehdixan bununla razılaşmamış, Cahana onu dəlilər kimi sevdiyini bildirmişdi...

İki il geridə qalmışdı. Universiteti bitirib diplomunu almışdı Cahan. Bu iki il ərzində çox şey dəyişmişdi. Cahan Mehdixandan ayrılmışdı, Mehdixan isə Cahandan sonra bütün bu məsələlərdə Ayseli günahlandırıb onunla da münasibətinə spn qoymuşdu. Buna dözməyən Aysel onun ailəsini dağıtmağa çalışsa da, buna nail olmamışdı. Mehdixan Ayselin qurduğu plandan xəbərdar olub ona mane olmuş, onu şərləyərək həbsə saldırmışdı. Cahan isə Aykaya borcunu ödəyib ondan uzaqlaşmışdı. Ayka da Cahandan pulunu aldıqdan sonra bir daha onu narahat etməmişdi.

Cahanın bu iki il ərzində ailəsində və öz şəxsi həyatında da böyük dəyişikliklər olmuşdu. Böyük bacısı Arzu ailə həyatı quraraq ana olmuş, atası Fazil isə yataq xəstəsi olmuşdu. Fazilin yatağa düşməsinə dözməyən ikinci həyat yoldaşı Şərqiyyə ondan ayrılmışdı. Cahanın qardaşı Azər isə ailə həyatı quraraq birdəfəlik xaricə köçmüşdü. Xalası Məlahət əri Osmandan ayrıldıqdan bir müddət sonra Osman qəzaya düşərək dünyasını dəyişmişdi. Dayısı Teymur isə vaxtı ilə etdiyi əmələ görə peşman olaraq olanları dəfələrlə Fazilə danışmaq istəsə də Arzu buna mane olmuşdu. Cahan özü universiteti bitirəndən sonra köhnə iş yerində qalıb bir müddət işlədikdən sonra oradan uzaqlaşıb başqa bir yerdə işə düzəlmişdi. Burada işlədiyi müddətdə keçmiş iş yerinin müdiri İsmayılın onu sevdiyini biləndən sonra onun sevgisini rədd etmiş, özü xalası Məlahətin tapdığı imkanlı bir şəxs olan Xalid ilə ailə həyatı qurmuşdu. Özündən yaşca böyük olan Xalid ilə ailə quran Cahan bir müddət sonra Moskvaya köçərək orada yaşamağa başlamışdılar. Bəli, ikili vətəndaş olan Xalid ilə ailə quran Cahan Moskvada teleşirkətlərdən birində işə düzələrək burada işləyib böyük layihələrə imza ataraq özünün arzu etdiyi iş xanımlarından biri olmuşdu, amma...

Amma həyat onu xoşbəxt olmağa mane olmuşdu. Moskvada olduğu müddətdə əri Xalidin xəyanətindən xəbər tutan Cahan hamilə ikən ondan rəsmi ayrılaraq Moskvada bir müddət işlədikdən sonra geriyə qayıtmışdı. Cahan atasının xəstəliyini öyrənəndən sonra ona baş çəkib onu bağışlasa da ürəyində hələ də ona qarşı incikli idi. Fazil xəstə olduğu müddətdə mal-mülkünün bir hissəsinı qızı Cahana vəsiyyət etmişdi. Cahan atasından və əri Xaliddən qalan mülk ilə daha da böyük uğurlara imza atmışdı. Moskvada işləməsinə baxmayaraq Bakıda yaşayan Cahan ana olmuşdu, onun Raul adında bir oğlu dünyaya gəlmişdi. Yaxınları ilə əlaqəsini kəsən Cahan bir tək xalası Məlahət ilə danışıb ara-sıra onunla görüşürdü.

İllər davam edirdi. Cahanın oğlu Raulun səhhətində problemlər yaranmışdı. Bundan narahat olan Cahan onu xəstəxanaya aparıb yoxlatdıraraq analiz təhlillərinin cavabını gözləyirdi. Oğlu Raula olduqca bağlı olan Cahan düşünmürdü ki, nə isə ciddi bir hallar ola bilər.

Cahan işdən günorta evə gəlmişdi. Səhhəti ilə bağlı oğlu Raul yatırdı. Evdə olduğu zaman Raulun həkimi Bəyaz xanım ona zəng edərək analiz təhlillərinin cavablarının hazır olduğunu bildirərək, onu xəstəxanaya çağırmışdı. Cahan evdən çıxaraq xəstəxanaya gəlib Bəyaz xanımın kabinetinə qalxdı. Kabinetə yaxınlaşıb qapını döyüb içəri girdi, salamlaşıb stulda oturdu. Bəyaz xanım əlində analız kağızlarının cavabı masa arxasında oturub Cahana baxdı:

- Raul necədir?

- Son zamanlar yaman çox yatır, doktor. Tez-tez ürək getmələri olur.

- Aydındır,-deyərək Bəyaz xanım ayağa durub kabinetdə addımlayaraq pəncərəyə yaxınlaşdı.

Cahan Bəyaz xanıma baxıb:

- Doktor,-dedi:-yəqin ki, ciddi bir şey deyil, yox? Oğlum yaxşıdır, hə?

- Cahan,-deyə Bəyaz xanım geri dönüb ona baxdı:

-Mən də sənin kimi düşünürdüm. Düşünürdüm ki, Raulun səhhətində ciddi bir problem yoxdur, amma...

- Amma, nə?

- Amma qeyd edim ki, tam əksinə, Raulun səhhətində ciddi problemlər var.

- Ciddi?-deyə Cahan titrək səslə soruşdu.

- Hə, Cahan, bilmirəm necə və hardan başlayım, amma bilirsən ki, demək məcburiyyətindəyəm. Mən səni aldada bilmərəm. Sənin oğlun ciddi xəstədir, bir sözlə, Raul xərçəng xəstəsidir.

Cahan eşitdiklərinə inanmadı. Gözünün ağı-qarası bircə oğlu Raulun xərçəng xəstəsi xəbərini eşitdikdə Bəyaz xanıma baxıb deməyə söz tapmadı. Çəkdiyi iztirablar gözünün önündən kinolenti kimi keçdi. Əli ilə başını tutdu. Rəngi ağarmış, qəhərdən boğulurdu.

Bəyaz xanım stəkana su süzüb ona uzatdı. Ona toparlanması üçün:

- Cahan, ruhdan düşmək lazım deyil. Bu xəstəliyin öhdəsindən gəlmək mümkündür,-dedi:

- Elə insanlar tanıyıram ki, bu xəstəliklə yaşayır, ruhdan düşmürlər. Raul hələ balacadır, bəlkə də müalicə müsbət təsir göstərər.

- Axı niyə, doktor, niyə mənim övladım, hə?-deyə Cahan qəhərdən boğulurdu.

Bəyaz xanım müalicəyə başlamağın lazım olduğunu Cahana anladaraq onu razı saldı. Cahan ayağa durub ağır addımlarla kabinetdən çıxdı. Xəstəxananın binasından çıxıb küçədə dərindən nəfəs aldı. Maşınına oturub maşını işə salaraq yola düşdü. Yolboyu Bəyaz xanımın onun oğlu Raul haqqında dediklərini düşünürdü. Başına gələnlərdən sonra oğlu Raulun da xəstə olması xəbəri ona daha bir zərbə olmuşdu. Ağlayırdı, göz yaşları üzündə yuvarlanaraq bir iz açmışdı.

Evə gəlmişdi. Yuxudan oyanan Raul qonaq otağında oturub oynayırdı. Anası Cahanın içəri girdiyini görüb ayağa duraraq ona doğru qaçıb qucaqladı. Cahan onun başını oxşayaraq doluxsundu, fəqət onun yanında ağlamamaq üçün özünü toparladı. Divana oturub oğlunu bağrına basaraq öpüb, onu qoxladı. İstər-istəməz gözündən yaş axdı. Raul bunu görüb:

- Nə olub ana, mənə görə ağlayırsan?-deyə soruşdu.

- Yox, ana qurban, ağlamıram, niyə ağlayım ki? Sadəcə gözümə nəsə düşdü,-deyərək gülümsəməyə çalışdı.

- Yalan danışma, ana. Sən mənə görə ağlayırsan, xəstələndiyim üçün. Amma narahat olma ana, mən sağalacağam. Məgər yadlndan çıxıb ki, həmişə belə xəstələnib halsız olanda nənəm mənə bitkidən dəmləmələr verirdi, mən də içib sağalırdım.

-Bilirəm,-deyə Cahan gülümsədi. Raula gedib oynamasını söyləyib ayağa duraraq yataq otağına keçdi. Qapını örtüb kresloya oturaraq siqaret yandırıb keçmiş əri Xalidi yığdı:

- Salam... mənəm...səninlə görüşməliyik. Məncə vaxtın olsa görüşək...yer söylə gəlim...

Telefonu söndürdü, kresloya söykənib fikrə getdi. Bəyaz xanımın dedikləri yadından çıxmırdı. Bir qədər düşünüb ayağa duraraq əynin dəyişib Raulu qonşusuna tapşıraraq evdən çıxıb Xalid ilə görüşmək üçün onun dediyi ünvana getdi...

Ardı növbəti sayımızda