Müəllim əməyi

Müəllim əməyi

Bəyəndim (1) Bəyənmədim (0)


Toy mövzümünün qızğın vaxtı idi. Gözlədiyim kimi tanış bir adamın oğlunun toy məclisinə dəvətnamə almışdım. O gün işim bir az çox olduğuna görə toy məclisinə gecikməmək üçün taksi ilə getmək qərarına gəldim. Küçəyə çıxan kimi ilk rast gəldiyim taksiyə əl elədim. Tünd qırmızı “VAZ21- 06” qarşımda dayandı. Maşına əyləşən kimi təxminən 45-50 yaşlarındakı sürücüyə getdiyim toyun keçiriləcəyi şadlıq sarayının yerini söylədim. Sürücü başını tərpədərək, - “yolda benzin vuracağıq”, - dedi.

Masında oturub yolumuza davam etdik. Gözümü yola diksəm də arada sürücünü süzürdüm. Sürücü heç də adi taksi sürücüsünə oxşamırdı. O həm dilli olmaqla yanaşı, həm də nəsə dərdli və əsəbi adam təsir bağışlayırdı. Sakit tərzdə avtomobili idarə edirdi. Qarşıdakı döngədən sola dönüb Yanacaq doldurma məntəqəsinə daxil olduq. Sürücü avtomobilimizə yaxınlaşan işçiyə: “Salam Bəxtiyar, necəsən?, - 10 manatlıq vur, - deyib əlini cibinə apardı. Bəxtiyar da işini qurtaran kimi çənin qapağını bağlayib, - yaxşı yol, müəllim, - deyib yanacaq dolduran tapancanı yerinə qoydu. Yanacaq doldurma məntəqəsindən bir az aralanmışdıq ki, sürücü üzünü mənə sarı cevrib dedi: - Bəxtiyar müəllim bizim məktəbdə işləyir... ondan sonra heç bir kəlmə də demədi.

Bir az yol getmişdik ki, qarşımıza çıxan yol polisi maşını saxlamağımızı tələb etdi.

Avtomobilindən düşən sürücü yol polisi əməkdaşına yaxınlaşdı. Hardasa 5 dəqiqədən sonra polis əməkdaşı ilə əl verib görüşdü və maşına əyləşdi. Bundan sonra sürücünün rəngi bir az da tutuldu. Sanki hirsli üzündə qabaran damarlarından qan fışqıracaqdı. Sürücünün dərdini yumşaltmaq üçün nə baş verdiyini soruşdum. Sürücü: - Heç, “dovernost”un vaxtı bitib” – deyə problemi səthi izah etdi. Birdən qəflətən maşını əyləcləyib üzünü çevirib dilləndi. “Mənə lazım idi?” 25 ildir müəllim işləyirəm. Nəyə görə yollara düşüb “taksavatlıq” eləməliyəm. Qazandığını da ona- buna ver...” Daha başqa söz demədim. Sadəcə olaraq sürücünün dediklərini başımla təsdiq etdim.

İki dəqiqədən sonra toyun olduğu sarayın qarşısında düşərək, sürücünü yola saldım və saraya daxil oldum.

Geniş, möhtəşəm bəzədilmiş sarayda qonaqları qarşılayan bəyin dayısı məni görüb süni təbbəssümlə: “xoş gəlmisiniz, müəllim” - deyərək üzünü “ofisanta” tutub dedi:

-Cəmil, müəllimi yaxşı yerdə oturt. İstədiyi hər bir şeyi süfrədən əskik eləmə.

Cəmilin göstərdiyi masanın arxasında əyləşdim. Önümdə xüsusi forma geyinmiş ansambılın ifa etdiyi həzin musiqi zalı ağuşuna almışdı. Ansambılı idarə edən tamada maraqlı məsəllər və ibrətamiz hekayələr danışaraq məclisi daha da rəngarəng edirdi. Bəyin dayısı isə qarşıladığı qonaqlari içəri ötürüb Cəmili səsləyirdi. Zalın yuxarı başındakı masada əyləşmiş bəy və gəlin sakit halda gözlərini qabağa dikib, xəyala dalmışdılar.

Tamada bəyi tərifləyir, arada şeir ilə peşəsinə bəzək verirdi. Bu zaman arxa masada əyləşənlərdən biri “Mən bu tamadanı tanıyıram, o bizim dil-ədəbiyyat müəllimizdir”-dedi.
Bir qədər sonra qalxıb məclisdən getmək qərarına gəldim. Adət üzrə toya pul saldırmaq üçün məclisin çıxışında oturmuş adama yaxınlaşdım və müəyyən olunan məbləği yazdırdım.

Birdən zalda səs-küy qopdu. Səs manıslar tərəfdən gəlirdi. Nəyi isə bölə bilməyən calğıçılar aləmi qatmışdılar biri- birinə. Belə mübahisələr tez- tez olduğuna görə buna əhəmiyyət verən yox idi. Qapıya yaxınlaşanda mübahisə edən manısların biri klarnet çalan yoldaşına dilləndi: “Riyaziyyat müəllimisən, get hesabınla məşğul ol”.

Mehman Fərmanov