Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür
O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.
Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk 1932-ci ilin 21 oktyabrında Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur.
Xəlil Rza 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. "Kitab" adlı ilk mətbu 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır.
1950-60-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləyib.
1955-57-ci illərdə burada ədəbi işçi vəzifəsində çalışdığı zaman çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib.
Onun ilk şeirlər toplusu - "Bahar gəlir" 1957-ci ildə nəşr olunub.
1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərib.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
Xəlil Rza Ulutürk “Türk milləti mükafatı laureatı”, Azərbaycan Respublikasının Xalq şairi fəxri adlarına layiq görülüb. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi bir çox başqa şeirlərin adlarını qeyd etmək olar.
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Almaz Həsənli