Tramp və Putin postsovet ölkələrində təsir dairələrini bölmək üçün razılığa gələ bilərlər
“The Washington Post” yazır ki, Donald Tramp və Vladimir Putin gələn il görüşəcək və onları “özünü geosiyasi alfa-erkək- liderlər” adlandırıb. Danışıqların əsas mövzusu Ukrayna olacaq.
Demokratlara yaxın olan qəzet danışıqların mümkün uğuruna şübhə ilə yanaşır. Rusiyanın diplomatik dairələrindəki mənbə bildirib ki, Kreml kompromislərə hazır deyil, çünki rus qoşunları “Ukraynanın şərqində inamla irəliləyir”. O qeyd edib ki, danışıqlar “zəiflik deyil, güclü mövqedən” aparılacaq.
Digər tərəfdən, mənbə əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi məsələlərində güzəştlər müqabilində ərazi məsələlərində “çeviklik” göstərə bilər.
“Washington Post” həmçinin yazır ki, Trampın tez saziş bağlamaq istəyinə baxmayaraq, Kreml Avropada daha geniş təhlükəsizlik paktı ilə bağlı uzunmüddətli danışıqlara sadiqdir. Nəşrin fikrincə, görüş Rusiyanın “Ukrayna, Gürcüstan və NATO-ya daxil olmayan digər qonşular üzərində hökmranlığını qoruyub saxlayacağı, Avropanın təhlükəsizliyinə xələl gətirəcək” dünyanın təsir dairələrinə bölünməsinə gətirib çıxara bilər.
Putinin maksimalist tələbləri və Trampın Rusiyaya çox güzəştə getdiyi təqdirdə zəif görünmək qorxusunu nəzərə alsaq, analitiklər sülh danışıqlarının uğuruna şübhə ilə yanaşırlar.
Almaz Həsənli