ABŞ AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiəsinin zərbəsi nəticəsində məhv olmasının əlamətlərini görür
Birləşmiş Ştatlar Azərbaycanın AZAL təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ehtimalını göstərən “bəzi ilkin əlamətlər” görür. Bu barədə cümə günü, dekabrın 27-də jurnalistlərin suallarını cavablandıran Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi davam edən istintaqa istinad edərək təfərrüatlara varmaqdan imtina etdi. ABŞ-ın bu qənaətə gəlməyə kömək edəcək kəşfiyyata malik olması və ya Vaşinqtonun sadəcə olaraq qəzanın vizual qiymətləndirmələrinə əsaslanan ekspertlərin təxminlərinə əsaslanması sualına Kirbi “bəli” cavabını verib, lakin əlavə məlumat verməkdən imtina edib.
Öz növbəsində, ABŞ-ın iki hərbi rəsmisi cümə günü “NBC News”-a bildiriblər ki, ABŞ-da kəşfiyyat məlumatları var ki, ruslar Azərbaycan təyyarəsini dron kimi tanıyıb və hava hücumundan müdafiə sistemini işə salıb. Onların sözlərinə görə bu, qismən təyyarənin nizamsız uçuş yolu və hündürlüyü ilə bağlı ola bilər. Bununla belə, istintaqın hələ də davam etdiyini vurğulayıblar.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenə Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı məlumat verilib. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, Bayden baş verənlərdən xəbərdardır.
“Bu hadisə araşdırılır. Biz Azərbaycan tərəfinə lazım gələrsə, istintaqa kömək etməyə hazır olduğumuzu və istəyimizi bildirdik”, - Kirbi qeyd edib.
Almaz Həsənli