
Putin Belarusu müharibəyə sürükləməyə çalışır
Rusiya diktatoru Vladimir Putin bu il Belarusda qoşun yerləşdirməyi və ölkəni müharibəyə sürükləməyi planlaşdırır. Xüsusilə də Rusiaya oradan Polşanı və ya Baltikyanı ölkələri təhdid edə bilər.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərə deyib.
"Ölkələr özləri nə qədər pul ödəyəcəklərinə qərar verməlidirlər. Bu, onların təhlükəsizliyi üçündür. Putinin ambisiyaları ilə bu gün görürük ki, o, bu müharibəni davam etdirmək üçün hər şeyi edir", - Zelenski bildirib.
Prezident Putinin digər ölkələri təxribata çəkəcəyinə əmin olduğunu bildirib. Onun fikrincə, növbəti hədəf Polşa və ya Baltikyanı ölkələr ola bilər.
"Bu, sadəcə olaraq, növbəti ritorika deyil. Yazda, yayda və ya payızda görəcəksən ki, o, Belarus ərazisinə qüvvələr yerləşdirəcək. Bir çox avropalılar, bəlkə də ABŞ deyəcək ki, bu, hədə-qorxudur. Bu, Polşanın hədələnməsi, Litvanın və Baltikyanı digər tərəfdaşların hədələnməsidir", - Zelenski vurğulayıb.
O qeyd edib ki, bu ölkələrə işğalın olub-olmayacağını bilmir, amma hər halda rus diktatoru beləliklə Belarusu müharibəyə sürükləyəcək.
Əziz Mustafa, Oxuməni.az