Cənubi Koreya DeepSeek-i qadağan edir

Cənubi Koreya DeepSeek-i qadağan edir

6 Fevral 11:56
Bəyəndim (2) Bəyənmədim (0)


Cənubi Koreyanın Sənaye Nazirliyi təhlükəsizlik problemlərini əsas gətirərək Çin startapı DeepSeek-in süni intellekt modelinə işçilərin girişini müvəqqəti olaraq blokladığını elan edən son agentlik oldu.
Bundan əvvəl, fevralın 5-də Cənubi Koreya hökuməti nazirliklərdən və idarələrdən iş yerində süni intellekt xidmətlərindən, o cümlədən DeepSeek və ChatGPT-dən istifadə edərkən ehtiyatlı olmağı xahiş etmişdi.
Bu ayın əvvəlində dövlətə məxsus “Hydro & Nuclear Power” şirkəti də DeepSeek daxil olmaqla süni intellekt xidmətlərinə qadağa qoyduğunu elan etdi.
Eynilə, Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi də hərbi məqsədlər üçün istifadə olunan kompüterlərə girişi bloklayıb.
“Yonhap” Xəbər Agentliyi ölkənin Xarici İşlər Nazirliyinin DeepSeek-i xarici şəbəkələrə qoşulan kompüterlərlə məhdudlaşdırdığını, lakin təhlükəsizlik tədbirlərini dəqiqləşdirmədiyini bildirib.
Cənubi Koreya Çinin süni intellekt modeli ilə bağlı narahatlığını ifadə edən son ölkə olub. Avstraliya və Tayvan (Çin) də əvvəllər DeepSeek-i təhlükəsizlik riski kimi müəyyən etmişdilər.
Koreya tərəfində səlahiyyətlilər DeepSeek-dən şirkətin şəxsi məlumatları necə emal etdiyini izah etməyi xahiş etməyi planlaşdırır.
Koreyada məşhur çat proqramının sahibi olan “Kakao Corp” şirkətinin sözçüsü, şirkətin OpenAI ilə əməkdaşlıq müqaviləsini elan etməsindən cəmi bir gün sonra işçilərin DeepSeek-dən istifadəsini qadağan etdiyini söylədi.
Ümumiyyətlə, Koreya texnoloji şirkətləri generativ süni intellektə daha ehtiyatlı yanaşırlar. Mikrosxem istehsalçısı “SK Hynix” şirkəti süni intellekt xidmətlərindən istifadəni məhdudlaşdırıb və yalnız zəruri hallarda girişə icazə verir.
Almaz Həsənli