İsrail yeni müharibəyə hazırlaşır?

İsrail yeni müharibəyə hazırlaşır?

13 Fevral 13:34
Bəyəndim (6) Bəyənmədim (0)



“Reuters” mənbələrə istinadən yazır ki, İsrail fevralın 12-də Qəzzada müharibənin bərpasına hazırlaşaraq ehtiyat qüvvələrini səfərbər etməyə başlayıb.
Bundan əvvəl Baş nazir Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp Şənbə gününə qədər “HƏMAS” İsrail girovlarını azad etməsə, fələstinlilər üçün “cəhənnəmi yaşadacaqlarına” söz vermişdilər. Əgər bu baş verməsə, o zaman Netanyahu bir aydır davam edən atəşkəsi pozacağını və yenidən sektoru işğal edəcəyini vəd edir.
Ərəb dünyasında ABŞ prezidenti Donald Trampın Qəzzanı Amerikanın nəzarəti altına almaq, fələstinliləri yerləşdirmək və orada beynəlxalq kurort tikmək planına qarşı qəzəb fonunda gərginlik artır.
“HƏMAS” bildirib ki, Misir və Qətər atəşkəsi xilas etmək üçün səyləri artırıb. Həmas nümayəndəsi Xəlil əl-Həyya danışıqlar aparmaq üçün Qahirəyə gəlib. Hərəkat daha əvvəl İsraili razılaşmaları pozmaqda ittiham edərək üç girovun azad edilməsini dayandırmışdı.
“HƏMAS” artıq yüzlərlə fələstinli məhbusun müqabilində 16 israilli girovu azad edib, lakin qalan əsirlərin taleyi qeyri-müəyyən olaraq qalır.
Tramp buna sərt reaksiya verib və bildirib ki, bütün girovlar fevralın 15-i günortaya qədər azad edilməlidir, əks halda Təl-Əviv döyüşləri bərpa edəcək.
İsrailin müdafiə naziri İsrael Kats vurğulayıb ki, girovların azad edilməsinin dayandırılması atəşkəsin başa çatması və müharibəyə qayıtmaq deməkdir. O bildirib ki, “Qəzzada yeni müharibə” fərqli intensivliklə aparılacaq və “Trampın vizyonunun reallaşmasına” gətirib çıxaracaq. Yəni, etnik təmizləməyə, soyqırıma aparacaq.
Ağ Ev həmçinin bildirib ki, Tramp İordaniya kralı Abdullahdan “HƏMAS”-a “vəziyyətin ciddiliyini” çatdırmağı xahiş edib.
Gərginlik Yaxın Şərqi yenidən genişmiqyaslı münaqişəyə sürükləyə bilər. “Reuters” yazır ki, Qəzza sakinləri təşviş içindədir. Bir çox fələstinli yüz minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı 1948-ci il “Nəkbə”sinin təkrarlanmasından qorxur.
Bu arada, ərəb dünyası ABŞ-ın Qəzzalıları deportasiya etmək planlarından qəzəblənib. “Reuters” mənbələrinin məlumatına görə, Misir prezidenti Əbdül Fəttah əs-Sisi orada fələstinlilərin məcburi köçürülməsi müzakirə olunarsa, Vaşinqtona getməkdən imtina edib.
Almaz Həsənli