Donald Trampın siyasəti Avropanı şoka salıb

Donald Trampın siyasəti Avropanı şoka salıb

14 Fevral 14:17
Bəyəndim (1) Bəyənmədim (0)

Donald Trampın ABŞ prezidentliyinə qayıtdıqdan sonra atdığı ilk addımlar Avropanı şoka salıb. Fransa prezidenti Emmanuel Makron bunu Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib və qeyd edib ki, xarici şok Avropa İttifaqının (Aİ) özünü zamanın tələblərinə uyğun yenidən qurulmasına kömək edə bilər.
"Bu, elektrik şokudur. Bizə asimmetrik impulslar, xarici impulslar lazımdır", - Makron bildirib. O, Aİ-nin başqa seçimi olmadığı barədə xəbərdarlıq edərək deyib ki, “Avropanın addım atması və hərəkətə keçməsi vaxtıdır”.

Makron hesab edir ki, “həddindən artıq strateji qeyri-müəyyənlik” ABŞ-dan “strateji asılılığı” davam etdirməyə ümid edən Avropa ölkələrini ayıqlaşdırmağa kömək edəcək. “Çin satış bazarı, təhlükəsizliyi təmin edən Amerika çətiri və hasilatı dəstəkləmək üçün ucuz Rusiya qazı olduğunu deyəndə bir model var idi, amma indi hər üç məqamı unutmaq olar”, o vurğulayıb.

Fransa prezidenti bildirib ki, Avropa müdafiəyə sərmayə qoymaqla və geniş iqtisadi inteqrasiya və tənzimləmə yolu ilə ÜDM-in artımına nail olmaqla “strateji oyanışa” nail ola bilər. Makronun fikrincə, Avropanın gələcək hərbi potensialı ona “ABŞ-ın iştirakı olmadan belə” hərəkət etmək imkanı verməlidir. Makronun sözlərinə görə, bu, 5-10 il çəkəcək.

Əziz Mustafa, Oxuməni.az