
Taliban ABŞ ilə münasibətləri bərpa etmək və səfirliklər açmaq niyyətindədir
Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti ABŞ-la münasibətləri yaxşılaşdırmağa və iki ölkənin Kabil və Vaşinqtondakı səfirliklərini yenidən açmağa çalışır. Bu barədə Taliban hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirib.
“Biz ABŞ-ın yeni administrasiyasının Əfqanıstan İslam Əmirliyi (Talibanın dövlət üçün istifadə etdiyi ad – red.) ilə işləyəcəyini gözləyirik”, o, “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Taliban hökumətinin sözçüsü deyib ki, Kabil Vaşinqtonla “münasibətləri yaxşılaşdırmağa hazırdır”.
ABŞ nümayəndələrinin Əfqanıstan paytaxtına səfəri ilə bağlı məlumatı şərh edən Mücahid aydınlaşdırıb ki, təmaslar zamanı “Amerika vətəndaşı” Corc Qlezmannın azad edilməsi məsələsi qaldırılıb. "Əfqanıstan yumşaqlıq göstərdi və ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün onu azad etmək qərarına gəldi", - müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi bildirib.
"Əfqanıstan Vaşinqtondakı səfirliyinin əfqanlara məxsus olmasını və ABŞ-dakı əfqan diasporuna konsulluq xidmətləri göstərməsini istəyir. Biz də istəyirik ki, ABŞ səfirliyi Kabildə fəaliyyətini bərpa etsin ki, ölkələr arasında yaxşı münasibətlər olsun", - Mücahid davam edib. Onun sözlərinə görə, Taliban artıq Vaşinqtondakı Əfqanıstan səfirliyinin onlara verilməsi məsələsində ABŞ-la məsləhətləşmələr aparıb. "Kabildə olan Amerika nümayəndə heyəti bir sıra mövzularla ABŞ-a qayıtdı. Onların hansı addımlar atacaqlarını gözləmək qalır", - o, yekunlaşdırıb.
Almaz Həsənli