
Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür
Ukrayna heç vaxt Şimali Atlantika Alyansına (NATO) qoşulmayacaq və onun lideri Vladimir Zelenski bunu anlayır. “Reuters” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
"Ukrayna NATO-nun üzvü olmaq istəyir, lakin bu mümkün deyil. Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq. Zelenski də bunu yaxşı başa düşür", - Ağ Ev rəhbəri qeyd edib.
Martın 20-də Zelenski ölkənin NATO-ya üzv olmağa hazır olmadığını etiraf edib. Onun sözlərinə görə, Ukrayna həqiqətən də Şimali Atlantika Alyansına qoşulmaq istəyir, çünki "bu, bir çox problemləri həll edəcək".
Daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa bəyan etmişdi ki, Ukrayna ərazilərin itirilməsini rəsmi olaraq tanımayacaq və Şimali Atlantika Alyansına və Avropa İttifaqına üzvlükdən imtina etməyəcək.
Əziz Mustafa, Oxuməni.az