
Britaniya şirkətlərin Trampın ticarət müharibəsindən xilas etmək üçün tarifləri dayandırır
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın yeni tarifləri ilə üzləşən Britaniya şirkətlərinə dəstək məqsədilə onlarla malın idxal rüsumlarını dayandırır.
Bu barədə The Telegraph xəbər verir.
Böyük Britaniya hökuməti elektrik avtomobil akkumulyatorlarından tutmuş meyvə şirəsinə qədər 89 məhsulun tariflərini iki il müddətinə sıfıra endirəcək. Bu tariflər 2027-ci ilin iyul ayına qədər qüvvədə olacaq.
Bu mallar arasında Trampın ABŞ idxalına yeni rüsumlar tətbiq etməsindən sonra Britaniya şirkətlərinin xərclərini azaltmaq üçün alüminium təkərlər və elektrikli avtomobil akkumulyatoru komponentləri də var.
Tarifləri sıfıra endirilən malların siyahısına aqava şərbəti və pasta, konservləşdirilmiş ananas, şam fıstığı, meyvə şirələri, kokos yağı və bitki qida məhsulları da daxildir.
Tikinti sənayesinə təzyiqi azaltmaq üçün plastik məhsulların idxal rüsumları da azaldılıb.
Bu, ABŞ-ın yeni tariflərinin bilavasitə təsirinə məruz qalmış şirkətləri dəstəkləməyə yönəlmiş daha geniş tədbirlər paketinin bir hissəsidir. Bunlara həmçinin hökumətin bu cür firmalar üçün kredit proqramının genişləndirilməsi daxildir.
Böyük Britaniya hökuməti bu təşəbbüsün şirkətlərə ildə 17 milyon funt-sterlinqə qənaət edəcəyini və bu qənaətlərin bir hissəsinin potensial olaraq istehlakçılara ötürüləcəyini proqnozlaşdırır.
Əziz Mustafa, Oxuməni.az