Qazaxıstanda Jankentdə aparılan arxeoloji qazıntıların şərəfinə abidə ucaldılıb

Qazaxıstanda Jankentdə aparılan arxeoloji qazıntıların şərəfinə abidə ucaldılıb

12 İyun 16:11
Bəyəndim (1) Bəyənmədim (0)


Qazaxıstanın Kazalinski rayonunda Jankent qəsəbəsində arxeoloji tədqiqatlara həsr olunmuş memorial xatirə abidəsinin (stela) açılışı keçirilib. Bununla bağlı 2023-cü ildən Türk Akademiyası Qızılorda Universiteti ilə birgə iş aparırdı.

Tədbirdə həmçinin Türk Akademiyasının təşəbbüsü ilə nadir arxeoloji abidənin qorunub saxlanmasına yönəlmiş qazıntı sahəsinin üzərində qoruyucu tikilinin açılışı olub.

Birgə tədqiqatlar 2023-cü ildən davam edir. Onlara Özbəkistandan olan mütəxəssislər - Y. Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun, eləcə də Qazaxıstan Qorqud Ata Universiteti nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya elmi Mərkəzinin alimləri, həmçinin A. X. Marqulan adına Arxeologiya İnstitutunun Astana filialının əməkdaşları iştirak ediblər.

Layihənin məqsədi Jankent irsinin öyrənilməsi və qorunub saxlanılması, həmçinin türk xalqlarının tarixi və mədəniyyətinin populyarlaşdırılmasıdır.

Açılış mərasimində Türk Akademiyasının prezidenti Şahin Mustafayev, vitse-prezidenti Asxat Kesikbayev, Qızılorda Universitetinin prorektoru Mainura Buribayeva, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, yerli hakimiyyət orqanlarının nümayəndələri, arxeoloqlar, tədqiqatçılar, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şahin Mustafayev çıxışında Jankəndin X əsrə qədər Sırdərya Oğuzlarının paytaxtı olduğunu vurğulayıb. Şəhər ən mühüm bölgələri - Volqadan Xorəzmə qədər birləşdirən Böyük İpək Yolu üzərində strateji rol oynayırdı.

Orta əsr mənbələrində Jankənd “Yeni şəhər” kimi tərcümə olunan adlarla xatırlanır: Yangikent (əski türkcə), əl-Qaryat əl-Hədis (ərəb), Dih-i-nau (fars), bu da şəhərin bölgənin tarixi coğrafiyasında əhəmiyyətindən xəbər verir.

Qalanın giriş qapılarında, yaşayış massivlərində və şəhristanda qazıntılar aparılmışdır. Alimlər 7-10-cu əsrlərdə şəhər həyatına aid materialları sistemləşdirmiş və şərh etmişlər. Əldə edilən məlumatlar bizə Aşağı Sırdərya bölgəsindəki etnik-mədəni prosesləri daha yaxşı anlamağa imkan verir.

Arxeoloji tapıntılar arasında nadir formada qəliblənmiş keramika, tunc əşyalar, stilizə olunmuş qoç başları formasında ritual stendlər və digər maddi mədəniyyət elementləri var. Əsas tapıntılardan biri 9-cu əsrdə Oğuz zərbxanası tərəfindən zərb edilmiş gümüş sikkələr dəfinəsidir ki, bu da Jankəntin İpək Yolunda şəhər rolunun ilk belə sübutudur.

Arxeologiya Türk Akademiyasının prioritet iş sahələrindən biri olaraq qalır. Türk Xaqanlığı dövrünə aid abidənin tədqiq edildiyi Nomqon vadisində (Monqolustan) hazırda çöl tədqiqatları davam edir. 2024-cü ildə Oğuz-Qıpçaq dövrünün nekropollarını öyrənmək üçün Manqistau bölgəsinə də ekspedisiya təşkil olunub.

Əziz Mustafa