İsrail və Suriya nümayəndələri Bakıda danışıqlar aparıblar

İsrail və Suriya nümayəndələri Bakıda danışıqlar aparıblar

13:36
Bəyəndim (3) Bəyənmədim (0)


“AFP” Dəməşqdəki diplomatik mənbəyə istinadən xəbər verir ki, iyulun 12-də İsrail və Suriyanın hərəsinin bir nümayəndəsi Bakıda görüşüblər. Görüş Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri çərçivəsində baş tutub.
Bakıda Əhməd Əl-Şaraa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan qazının Türkiyə üzərindən Dəməşqə nəqli razılaşdırılıb. Əliyev administrasiyası bəyan edib ki, Suriyaya qaz ixracı layihəsi “yaxın vaxtlarda” həyata keçiriləcək.
“AFP”-dəki mənbənin məlumatına görə, Əl-Şaraa özü ölkəsinin nümayəndəsi ilə İsrail nümayəndəsi arasında keçirilən görüşdə iştirak etməyib. “AFP”-nin mənbəsi görüş iştirakçılarının kimliyini açıqlamayıb. Nə İsrail, nə də Suriya rəsmi şərh verməyib.
Bundan əvvəl eyni “AFP” mənbəsi danışıqların mövzusunun "İsrailin Suriyadakı son hərbi mövcudluğu" olacağını bildirmişdi. Bu, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin qoşunlarını yerləşdirdiyi bufer zonasına aiddir.
Suriyanın keçid hökuməti bir həftə əvvəl İsraillə 1974-cü ildə imzalanmış təhlükəsizlik sazişini canlandırmaq üçün ABŞ-la işləməyə hazır olduğunu bildirib. 1948-ci ildən bəri Suriya və İsrail rəsmi olaraq müharibə vəziyyətindədir.
2024-cü ilin dekabr ayından İsrail Suriyadakı hədəflərə yüzlərlə zərbə endirib və Qolan Təpələrindəki demilitarizasiya olunmuş bufer zonasına qoşun yerləşdirib. BMT bunu 1974-cü ildə qüvvələr bölgüsü sazişinin pozulması kimi pisləyib. Suriyanın keçid hökuməti indiyədək İsrailə qarşı cavab hücumlarından çəkinib.
Almaz Həsənli