Tramp: Gələn həftə Rusiya ilə bağlı mühüm açıqlama verəcəyəm

Tramp: Gələn həftə Rusiya ilə bağlı mühüm açıqlama verəcəyəm

11 İyul 10:37
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı mühüm açıqlama verəcəyini bildirib.

Bu barədə “RBC-Ukrayna” onun “NBC News”-a şərhinə istinadən məlumat yayıb.

"Rusiyadan məyus oldum, amma yaxın bir neçə həftə ərzində nə olacağını görəcəyik. Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı mühüm açıqlama verəcəyəm", - o deyib.

Amerika lideri Rusiya haqqında nə deyəcəyi ilə bağlı təfərrüata varmayıb.

ABŞ prezidenti həmçinin bildirib ki, NATO Ukraynaya çatdırılması nəzərdə tutulan Amerika silahlarının pulunu ödəyəcək.

"Biz NATO-ya silah göndəririk və NATO bütün xərclərini ödəyəcək. Beləliklə, göndərdiyimiz silahlar NATO-ya gedir, sonra NATO bu silahları Ukraynaya verir və NATO bu silahların pulunu ödəyir", - o vurğulayıb.

Trampın sözlərinə görə, bu qərar iyunda keçirilən sammitdə verilib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumu zamanı 700-dən çox pilotsuz uçan aparatdan istifadə edilməsindən narazılığını bildirmişdi. Onun sözlərinə görə, hər iki tərəfdən həftədə 7 minə qədər insan ölür.

Bunun fonunda mətbuatda onun hərbi yardımın bir hissəsini prezident Vladimir Zelenskinin siyahısına uyğun olaraq Ukraynaya köçürməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Ağ Ev Kiyevə əlavə silah göndərməyə hazırlaşır və Konqres Rusiya Federasiyasına qarşı sərt sanksiyalar qəbul etmək niyyətindədir.

Almaz Həsənli