
Almaniya kansleri Fridrix Merz xarici ölkələrə ilk səfərini Çinə etməyi planlaşdırır
Almaniya kansleri Fridrix Merz ilk səfərini Çinə etməyi planlaşdırır ki, bu da uzun müddət davam edən gərginlikdən sonra ölkələr arasında münasibətləri yumşaltmalıdır. Bu barədə “Reuters” xəbər verir.
Avropanın ən böyük iqtisadiyyatı və Çinin əsas ticarət tərəfdaşlarından birinin hökumət başçısının səfərinin, xüsusən Pekin və Vaşinqton arasında ticarət gərginliyinin artması fonunda ikitərəfli münasibətlərin qorunması üçün simvolik əhəmiyyət kəsb edəcəyi gözlənilir.
Agentliyin mənbəsinin sözlərinə görə, Çin şirkətləri Almaniya iqtisadiyyatına investisiyaların artırılmasında maraqlıdırlar və kanslerin səfəri Berlinlə münasibətlərdə gərginlik dövründən sonra əlaqələrin bərpasına kömək edə bilər.
Səfər bu ilin oktyabrında baş tuta bilər, lakin onun son tarixi və təfərrüatları qeyri-müəyyən olaraq qalır və dəyişə bilər. Məlumdur ki, hökumət başçısını Almaniyanın aparıcı şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Agentlik xatırladıb ki, kanslerin səfəri Avropa İttifaqı ilə Çin arasında iyulun sonuna planlaşdırılan sammitə hazırlıq məqsədilə ayın əvvəlində Avropa turu etmiş Çinin xarici işlər naziri Van Yinin Berlin səfərindən qısa müddət sonra baş tutacaq.
Almaniyanın xarici işlər naziri İohan Vadephulun sözlərinə görə, Vanq Yi ilə görüşdə xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, Tayvan ətrafındakı vəziyyət və Yaxın Şərqdəki böhran kimi məsələlər müzakirə olunub.
Çin və Almaniya, xüsusən də alman avtomobil istehsalçılarının həm istehsal həcminə, həm də istehlak səviyyələrinə görə dünyada ən böyük olan Çindən asılılığı səbəbindən bir-biri ilə sıx bağlı qalırlar.
Merz həmçinin bu ilin əvvəlində o, Çinin Rusiya ilə strateji yaxınlığından narahat olduğunu bildirib və Almaniyanın dünyanın ikinci ən böyük iqtisadiyyatından asılılığını azaltmağın vacibliyini vurğulayıb.
Bu arada Çin prezidenti Si Tsinpin kansler Merzi əməkdaşlığı dərinləşdirməyə və iqtisadi qloballaşmanı birgə təşviq etməyə çağırıb.
Eyni zamanda, ölkələr arasında münasibətlərdə müəyyən gərginlik məqamları qalmaqdadır. Məsələn, çərşənbə axşamı, iyulun 8-də Almaniya Xarici İşlər Nazirliyi Çin hərbçilərinin Qırmızı dəniz bölgəsində alman təyyarəsini lazerlə hədəf alması ilə bağlı xəbərlərdən sonra Çin səfirini çağırıb Pekinə rəsmi etirazını bildirmişdi.
Əlavə edək ki, Vanq Yi bu yaxınlarda demişdi ki, Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə uduzmasına imkan verə bilməz.
Əziz Mustafa