Tramp İranla iş görən ölkələrə 25% tarif tətbiq edəcək
Prezident Donald Tramp “TruthSocial” sosial media platformasında ABŞ-ın İranla iş görən ölkələrə 25% tarif tətbiq etdiyini açıqlayıb.
Onun sözlərinə görə, İranla iş görən istənilən ölkə "ABŞ-la bütün işlərə 25% tarif ödəyəcək".
"Bu sərəncam qəti və məcburidir", - deyə ABŞ prezidenti yazıb.
Tramp heç bir detal verməyib. "The Washington Post" qəzetinin qeyd etdiyi kimi, yeni tariflərin mövcud ABŞ tariflərinə əlavə olub-olmayacağı hələ də məlum deyil. Qəzetin sorğusunda iştirak edən iqtisadçılar hesab edirlər ki, bu baş verərsə, ABŞ iqtisadiyyatı ciddi ziyan çəkə bilər.
"Bloomberg" agentliyi İranın əsas ticarət tərəfdaşlarının Hindistan, Çin və Türkiyə olduğunu bildirir.
Çin İran neftinin dünyanın ən böyük alıcısıdır. Çin neft emalı zavodları dekabr ayından bəri alışları artırıb. "Bloomberg" əlavə edir ki, Çindən gələn məhsullara əlavə 25 faiz tarif tətbiq edilməsi Tramp və Çin prezidenti Si Cinpin arasında əldə edilən ticarət barışıq sazişinin pozulmasına səbəb ola bilər.
Almaz Həsənli













.jpg)




































































