"Real Madrid" "Barselona"ya məğlubiyyətə görə Xabi Alonsonu istefaya göndərib
"Real Madrid" "Barselona"ya məğlubiyyətə görə Xabi Alonsonu istefaya göndərib, onun yerinə Alvaro Arbeloa təyin edilib. Rəsmi versiyaya görə, müqavilə "qarşılıqlı razılıqla" ləğv edilib.
"Xabi klub əfsanəsi olduğu üçün "Real Madrid"də həmişə hörmətlə qarşılanacaq. Madrid onun evi olaraq qalacaq. Məşqçiyə və onun heyətinə işlərinə görə təşəkkür edirik və gələcəkdə onlara uğurlar arzulayırıq", - deyə rəhbərliyin mesajında deyilir.
.Xabinin istefası ilə ilə bağlı ilk suallar yayda Klublararası Dünya Kuboku zamanı gündəmə gəlib. O vaxt yarımfinalda "Real Madrid" PSJ-yə 4-0 hesabı ilə uduzmuşdu. Alonsunun istefası barədə növbəti həyacan siqnalı sentyabr ayında "Atletiko" Madridlə 2-5 hesablı məğlubiyyətindən sonra qaldırıldı. Lakin həmin oyundan sonra "Real Madrid" altı oyunluq qələbə seriyasına başladı.
Üçüncü böhran təxminən bir ay davam etdi. Yeddi oyunluq fasilədən sonra Madrid klubu "Mançester Siti"yə məğlub oldu. Buna baxmayaraq Alonsunu istefaya göndərməyərək bir daha vəziyyəti düzəltmək üçün ona vaxt verildi. Alonso bundan istifadə edərək "Alaves", "Sevilya" və "Betis"i məğlub edərək etimadı doğrulda bildi.
Lakin bu müddət ərzində Vinisiusla Alonso arasında ixtilaf yaşanmağa başlandı və sonuncu "Real Madrid"lə müqaviləsini yeniləməkdən imtina etdi. Nəhayət Alonsonun istefaya göndərilməsi üçün səbəb yarandı. "Barselona"ya son ağır məğlubiyyət rəhbərliyinin səbrini daşdırdı və Alonso istefaya göndərildi. Klub rəhbərliyi Alonsonun yerinə "Castilla"nın baş məşqçisi Arbeloanı təyin edib. Hələlik Arbeloanın ona olan ümidləri doğrulda, öhdəsinə düşən çətin vəzifənin öhdəsindən gələ bilib-bilməyəcəyi məlum deyil. Arbeloa haqqında o məlumdur ki, bu yaydan bəri "Real Madrid"in gənclər komandasını- "Castilla"nı çalışdırıb. 42 yaşlı ispan məşqçinin rəhbərliyi altında komanda 19 matçda 31 xal qazanıb və ölkənin üçüncü ən yüksək divizionu olan Primera Federasiyasında dördüncü yerdədir. Zinəddin Zidan da bir vaxtlar eyni yolu tutmuşdu.
Alonsoya gəlincə qeyd edək ki, onun rəhbərliyi altında komanda 34 oyundan 24-də qalib gəldi və buraxdıqlarından iki dəfə çox qol vurdu. La Liqada Los Blancos ikinci yerdədir, "Barselona"dan cəmi dörd xal geridədir. Çempionlar Liqasında isə "Real Madrid" əslində ilk səkkizlikdədir. İstənilən halda Alonso istedadlı məşqçidir və onun uzun müddət boş qalmayacağı, daha nüfuzlu bir komandaya baş məşqçi təyin ediləcəyi şübhə doğurmur.
Əziz MUSTAFA












.jpg)










































































