ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Danimarkanın adanı qanunsuz olaraq işğal etdiyini bildirib

ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Danimarkanın adanı qanunsuz olaraq işğal etdiyini bildirib

11:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp tərəfindən Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edilən Luiziana qubernatoru Ceff Lendri, Danimarkanın İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarını pozaraq Qrenlandiyanı yenidən işğal etdiyini bildirib.
"Tarix vacibdir. ABŞ İkinci Dünya Müharibəsi zamanı Qrenlandiyanın suverenliyini müdafiə edərkən Danimarka bunu edə bilmədi. Müharibədən sonra Danimarka BMT protokolunu kənara qoyaraq və məhəl qoymadan onu yenidən işğal etdi", - Lendri X-də yazıb.
O, qeyd edib ki, ABŞ-ın Qrenlandiya ilə münasibətlərində söhbət "qonaqpərvərlikdən deyil, düşmənçilikdən" getməlidir.

21 dekabrda Amerika Prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin etdi. Təyinatından sonra o, X sosial media platformasında adanı ABŞ-a birləşdirməyə çalışacağını açıqladı. Bu, artıq Danimarkada diplomatik mübahisəyə səbəb oldu və ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılması ilə nəticələndi.

Keçən il martın 13-də Tramp ölkəsinin Qrenlandiyanı ilhaq edəcəyinə əminliyini bildirdi. 4 martda o, ada əhalisinin ABŞ-a qoşulmaq qərarını təsdiqləyəcəyini açıqladı. Amerika lideri əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirmişdi. O, adadan imtina etməsə, Danimarkaya yüksək ticarət tarifləri tətbiq etməklə hədələmişdi. Hətta ilk prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd etdi.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.

Əziz MUSTAFA