İran hökuməti üç günlük ümummilli matəm elan edib
Rəsmi Tehran bu addımı hakimiyyətin "iranlıların Amerikaya və sionist rejimə qarşı Milli Müqavimət Hərəkatının şəhidləri" adlandırdığı həlak olmuş təhlükəsizlik qüvvələrinin xatirəsinə həsr edib. Oxuməni.az CNN-ə istinadən xəbər verir.
Dövlət televiziyası IRIB bildirib ki, Nazirlər Kabineti iki həftəlik iğtişaşlar zamanı həlak olan təhlükəsizlik qüvvələrinin nümayəndələrini və "Bəsic" milis qrupunun üzvlərini yad edir. Hakimiyyət hadisələri "İŞİD metodlarına bənzər küçə zorakılığı" kimi təsvir edərək, xarici qüvvələri təhrikdə ittiham edir.
Dövlət agentliyi “Tasnim”-in məlumatına görə, milli valyutanın çökməsi və iqtisadi böhran nəticəsində yaranan etirazların başlanğıcından bəri 100-dən çox təhlükəsizlik qüvvələri əməkdaşı öldürülüb.
Eyni zamanda, HRANA insan haqları təşkilatı mülki əhali arasında daha böyük itkilər barədə məlumat verir. Son 15 gündə:
- Ən azı 538 nəfər həlak olub (onlardan 490-ı etirazçı olub);
- 10 000-dən çox insan həbs edilib;
- Həlak olanlar arasında adları fəallar tərəfindən təsdiqlənmiş ən azı 54 nəfər müəyyən edilib.
İranda etirazlar internet kəsilməsi və prezident Məsud Pezeşkiyanın "talançılara" qarşı sərt tədbirlər tətbiq edəcəyi ilə bağlı təhdidləri fonunda üçüncü həftədir davam edir. Ölkədə vəziyyət son dərəcə gərgin olaraq qalır və BMT artıq bu hadisələri insan haqlarına kritik təhdid adlandırıb.
Almaz Həsənli

















































.jpg)


.jpg-1-1.jpg)

.jpg)



























