
Ukrayna Rusiyanın kimyəvi silahdan istifadəsinin araşdırılmasını tələb edir
Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından (OPCW) Rusiyanın qadağan olunmuş zəhərli sursatlardan istifadə etdiyi iddiası ilə bağlı araşdırma başlatmağı xahiş edib. Bu barədə “Reuters” Ukrayna tərəfinin təqdim etdiyi sorğunun mətninə istinadən məlumat yayıb.
Sənəddə qeyd edilir ki, Kiyev “OPCW”-nin baş direktorundan Ukrayna ərazisində kimyəvi silahdan istifadə hallarının araşdırılması üçün “müstəqil və qərəzsiz mexanizm” yaratmağı xahiş edir. Ölkənin hakimiyyət orqanları “əlavə sübutların toplanması və cinayətkarların, təşkilatçıların və sifarişçilərin müəyyən edilməsini” zəruri hesab edir.
Bu tələb “OPCW” İcraiyyə Şurasının Haaqada keçirilən qapalı iclasında səsləndirilib. Buraya təşkilatın 193 üzv dövlətindən 41-i daxildir.
Bu, Hollandiya və Almaniyanın xüsusi xidmət orqanlarının cümə günü Rusiyanın cəbhə xəttində qeyri-qanuni silahlardan geniş istifadə etdiyinə dair sübutların olduğunu bildirməsindən sonra baş verib.
Agentliyin rəhbəri Fernando Arias “OPCW” İcra Şurasına bildirib ki, onun agentliyi təhlükəli kimyəvi maddələrdən tez-tez istifadə edildiyi ehtimalı fonunda Rusiya və Ukrayna arasında cəbhə xəttində fəaliyyətlərin monitorinqini gücləndirəcək, “Reuters” xəbər verir.
O, Ukraynaya öz təklifini üzv dövlətlərlə müzakirə etməyi təklif edib və onların əksəriyyətinin belə bir araşdırmaya dəstək verməsi lazım ola bilər.
Hollandiya kəşfiyyatının məlumatına görə, rus qoşunları Ukrayna əsgərlərini mövqelərindən “tüstüləmək” üçün kustar üsulla hazırlanmış sursatlarda qadağan olunmuş boğucu xloropikrindən istifadə edir. Konvertasiya edilmiş döyüş sursatları vasitəsilə ötürülən gözyaşardıcı qazdan da istifadə edilir.
ABŞ 2024-cü ilin mayında Rusiyanı xloropikrindən istifadə etməkdə ittiham edən ilk ölkə oldu. Moskva Ukraynanı ittiham edərək cavab verdi. Keçən il “OPCW” hər iki tərəfin iddialarını “kifayət qədər əsaslandırılmamış” hesab etdi. İndi Kiyev rəsmi beynəlxalq araşdırmanın aparılmasında israrlıdır.
Almaz Həsənli