Ermənistan Azərbaycanla sülh bağlamasa, təcrid olmaq riski ilə üz-üzədir - Macar analitik

Ermənistan Azərbaycanla sülh bağlamasa, təcrid olmaq riski ilə üz-üzədir - Macar analitik

20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Ermənistan arasında uzun müddət gözlənilən danışıqlar müəyyən maneələrlə üzləşib. Ekspertlər ləngimənin əsas səbəblərdən biri kimi Ermənistanda daxili siyasi qeyri-sabitlik və konstitusiya ilə bağlı məhdudiyyətləri göstərir. Ermənistan tərəfi mütəmadi olaraq hazır olduğunu bəyan etsə də, sənədin imzalanaması hər dəfə ertələnir ki, bu da öz növbəsində Cənubi Qafqazda əldən çıxmış iqtisadi və geosiyasi imkanlarla bağlı həyəcan doğurur.

Oxuməni.az Trend.az-a istinadən xəbər verir ki, bu mövzu "Baku Network" analitik mərkəzinin “Real World Order” siyasi proqramının bu yaxınlarda çıxan buraxılışında müzakirə olunub. Aparıcı Elnur Ənvəroğlunun apardığı müsahibədə macar professor Laslo Vaşa “siyasi yubanma” prosesinə görə Ermənistanı sərt tənqid atəşinə tutub.

“Azərbaycan əsas məsələlərlə bağlı ardıcıl şəkildə tələblər irəli sürüb, – deyə Vaşa bildirib. – Ermənistan üçün sülh imzalamaq həm məntiqli, həm də sərfəli olardı, əks halda çox şey itirəcək”.

Onun fikrincə, Azərbaycan və Türkiyə kimi regional oyunçular arasında yerləşən Ermənistanın manevr imkanları olduqca məhduddur. Üstəlik, Şərq-Qərb strateji nəqliyyat dəhlizi olan Orta Dəhliz onun ərazisindən yan keçdiyi üçün bu, təcrid olunmaq riskini artırır.

“Ermənistan konstitusiyasında əks olunan Qarabağ iddialarından əl çəkməlidir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, məhz bu müddəa sülhə əngəl olan əsas maneə olaraq qalmaqdadır. Vaşa xatırladıb ki, keçmişdə Macarıstan qonşuları ilə münasibətləri normallaşdırmaq üçün bənzər konstitusiya müddəalarını ləğv etmişdi.

“Əgər Ermənistan konstitusiyanı dəyişməsə, gələcəkdə istənilən yeni hakimiyyət sülh sazişini yenidən nəzərdən keçirə bilər, – deyə o əlavə edib. – Buna görə də Azərbaycanın konstitusiyaya düzəlişlər edilməsini tələb etməsi tam əsaslıdır”.

Laslo Vaşa, həmçinin, Ermənistan diasporunun və müxalifətinin dağıdıcı roluna diqqət çəkib. Onun sözlərinə görə, məhz onlar sülh prosesini əngəlləyir: “Diaspora həm Ermənistanın daxili siyasətinə, həm də beynəlxalq əlaqələrinə ciddi təsir göstərir”.

Ekspert Ermənistanın yenidən danışıqlara beynəlxalq vasitəçiləri cəlb etməyə çalışmasını da tənqid edib:

“Uzun illər vasitəçilikdən sonra, nəhayət, birbaşa danışıqlar başlayıb. İndi isə Ermənistan tərəfi yenidən köhnə modelə qayıtmaq istəyir – bu, təəssüf doğurur. Onlar özlərinə əmin deyillər, ona görə də qərbdəki müttəfiqlərinin güclü təsirə malik olduğu beynəlxalq strukturlar vasitəsilə dəstək axtarırlar”.

Humanitar məqamlardan danışan Laslo Vaşa Avropa İttifaqını ikili standartlarda ittiham edib: “Onlar Azərbaycandakı ermənilərin hüquqlarından danışırlar, amma azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlirlər”.

Bununla belə, ekspert ehtiyatlı nikbinlik nümayiş etdirib və Fransa ilə Almaniya arasındakı müharibədən sonrakı barış nümunəsini xatırladıb. Lakin o vurğulayıb ki, əgər Ermənistan mövqeyini dəyişməsə, Azərbaycan, Gürcüstan və Türkiyə kimi qonşuları irəlilədiyi halda, özü regional proseslərdən kənarda qala bilər.

“Orta Dəhliz region üçün "qızıl dövr"ün başlanğıcı ola bilər, – deyə o qeyd edib. – Amma əgər Ermənistan sülh imzalamasa, kənarda qalmaq riski ilə üzləşə bilər”.

Onun sözlərinə görə, rəsmi İrəvan gec-tez sazişi imzalamağa məcbur olacaq. “Böyük oyunçulara sülh və riski olmayan sabit biznes lazımdır”, – deyə Vaşa vurğulayıb.

“Ehtiyatlı nikbinliyimi qoruyuram, – deyə o yekunlaşdırıb. – Amma bəzi xarici qüvvələrin bölgədə gərginliyi saxlamaq üçün sabitliyi pozmağa çalışması riski var”.

Ermənistan Azərbaycanla sülh bağlamasa, təcrid olmaq riski ilə üz-üzədir - Macar analitik (FOTO/VİDEO)

Oxuməni.az

Məqalədə: