Ekvadorda etirazçılar prezident kortejinə hücum ediblər

Ekvadorda etirazçılar prezident kortejinə hücum ediblər

10:33
Bəyəndim (1) Bəyənmədim (0)


Ekvadorda etirazçılar birində prezident Daniel Noboanın olduğu avtomobil karvanına hücum ediblər. Ekvador prezident administrasiyasının X sosial media platformasında verdiyi məlumata görə, insident oktyabrın 7-də ölkənin mərkəzi hissəsindəki Kanar əyalətində baş verib.
Ekvadorun ətraf mühit naziri İnes Manzanonun sözlərinə görə, Noboa Kanarda su təmizləyici qurğunun açılışına gedərkən onun korteji yüzlərlə etirazçı tərəfindən mühasirəyə alınıb. "Təxminən 500 nəfər gəlib ona daş atıblar və görünür, prezidentin avtomobilində güllə deşikləri olub", - “AFP” xəbər agentliyi rəsmidən sitat gətirib.
Ekvador AP agentliyi hücuma məruz qalan avtomobillərin fotolarını, həmçinin hadisə zamanı maşınlardan birindən çəkilmiş videonu dərc edib.
KİV-in məlumatına görə, kortejə hücumla bağlı ən azı 5 nəfər saxlanılıb. Prezident administrasiyası onları "terrorçuluq və adam öldürməyə cəhdə görə" mühakimə edəcəklərini vəd edib.
Ekvadorda Noboaya qarşı etirazlar sentyabrın ortalarından bəri davam edir. Onlara hökumətin ölkədə dizel yanacağının subsidiyasını dayandırmaq qərarı səbəb olub. Səlahiyyətlilər bu qərarı hökumət xərclərini azaltmaq, yanacaq qaçaqmalçılığı ilə mübarizə və sosial proqramlar üçün vəsaiti boşaltmaq istəyi kimi göstəriblər.
Almaz Həsənli