
Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolu şirkətlərinin rəhbərləri birgə fəaliyyət planını imzalayıblar
Qazaxıstanda keçirilən “New Silk Way” biznes forumu çərçivəsində, tranzit qatarlarının ləngimə olmadan fəaliyyəti və hərəkət müddətinin daha da qısaldılması məqsədilə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərinin rəhbərləri birgə fəaliyyət planını imzalayıblar.
Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
Onların məlumatına əsasən, sənəd tərəflər tərəfindən yaradılmış birgə işçi qrupunun hazırladığı rəylər nəzərə alınmaqla hazırlanıb, bu isə öz növbəsində dəhlizin bütün marşrutuna, konkret olaraq Altınkoldan Qara dəniz limanlarına qədər fiziki baxış və proseslərin öyrənilməsi əsasında hazırlanıb.
“Razılaşma həm infrastruktur, həm də əməliyyat və logistik hissədə “Orta Dəhliz”də mövcud məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. O cümlədən, gömrük prosedurlarının vaxtının azaldılmasını da. Görüləcək işlərin konkret müddətləri və cavabdeh strukturlar müəyyən edilib. Fəaliyyət planı “Orta Dəhliz”in inkişafı prosesində mühüm mərhələni təşkil edir. Qarşılıqlı razılaşma regional əməkdaşlığın gücləndirilməsinə, tranzit imkanlarının tam reallaşdırılmasına və Avropa ilə Asiya bazarları arasında yükdaşımaların artırılmasına kömək edəcək” – Gürcüstan Dəmir Yollarının məlumatında qeyd olunub.
Almaz Həsənli