Rusiya Sakit  və Şimal Buzli okeanlarında, Baltik və Xəzər dənizlərində hərbi təlimlərə başlayıb

Rusiya Sakit və Şimal Buzli okeanlarında, Baltik və Xəzər dənizlərində hərbi təlimlərə başlayıb

13:14
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya 150-dən çox gəmi və 15 min hərbçinin iştirak etdiyi genişmiqyaslı dəniz təlimlərinə başlayıb. Təlimlər Sakit və Şimal Buzlu okeanlarda, həmçinin Baltik və Xəzər dənizlərində keçirilir. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Nazirlikdən verilən məlumata görə, iyulun 23-dən 27-dək keçiriləcək “İyul tufanı” adlanan təlimlərdə donanmanın qeyri-standart əməliyyatlar həyata keçirməyə, uzaqmənzilli silahlardan və digər qabaqcıl texnologiyalardan, o cümlədən pilotsuz sistemlərdən istifadəyə hazırlığı yoxlanılacaq.

“Dənizdə gəmilərin ekipajları döyüş zonalarına daxil olmaq, sualtı qayıqlara qarşı müdafiəni həyata keçirmək, baza ərazilərinin müdafiəsi və təsərrüfat işləri üzrə məşq edəcək”, - nazirlikdən bildiriblər.
Həmçinin “düşmənin hava hücumu vasitələrinin, pilotsuz katerlərin və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi, naviqasiya təhlükəsizliyinin təmin edilməsi, düşmən hədəflərinə və dəniz qruplarına zərbələrin endirilməsi” məsələləri də işlənəcək.

Nazirlikdən bildirilib ki, təlimlərdə 120-dən çox təyyarə və 10 sahil raket kompleksi iştirak edəcək. Təlimlərə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyev rəhbərlik edəcək.

Rusiya Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən güclü donanmasına sahibdir. Eyni zamanda Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov”da 2018-ci ildən təmir işləri gedir və onu metal qırıntıları üçün göndərmək istəyirlər.

Rusiya donanması Qara dənizdə bir sıra ciddi itkilər verib. Xüsusilə, Ukrayna Qara Dəniz Donanmasının flaqmanı, "Moskva" kreyseri, eləcə də gəmilərin təxminən dörddə birini batırdı.

Qara dəniz donanması işğal olunmuş Sevastopoldan şərqə - Novorossiyskə, daha sonra isə işğal olunmuş Abxaziyaya qaçmağa məcbur oldu.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın yüksək effektiv əməliyyatları səbəbindən Rusiyanın Qara dənizdəki hərbi-dəniz imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Bununla belə, gəmilər uzaq mənzilli raket zərbələri endirməyə qadirdir.

Əziz Mustafa