
Birləşmiş Ştatlar ödəniş agenti A7 və kriptovalyuta birjası Grinex-ə qarşı sanksiyalar tətbiq edib
ABŞ PSB Bankın iştirakı ilə yaradılmış və xarici iqtisadi fəaliyyət üçün hesablaşmalar üzrə ixtisaslaşan A7 şirkətini SDN Siyahısına əlavə edib. Bu barədə cümə axşamı OFAC məlumat verib.
Sanksiyalar həmçinin A7 Agent MMC və A71 MMC, Grinex kriptovalyuta birjası, iki platforma - Exved və INDEFI Smartbank, Garantex Europe , eləcə də Old Vector üzərinə də tətbiq edilib.
ABŞ Xəzinədarlığının məlumatına görə, Grinex kriptovalyuta birjası Rusiyanın Garantex birjasının əməkdaşları tərəfindən yaradılıb . O, sanksiyalardan yayınmaq üçün Old Vector, A7 və əlaqəli şirkətləri əhatə edən sxemdən istifadə edib. Exved və INDEFI Smartbank-a da nəzarət edən Garantex-in həmtəsisçisi Sergey Mendeleyev də sanksiyalar siyahısına əlavə edilib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi məlumat vermişdi ki, martın 6-da ölkənin hüquq-mühafizə orqanları Almaniya və Finlandiya ilə birlikdə sanksiyaları pozmaqda və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında şübhəli bilindiyi üçün Garantex-in onlayn infrastrukturunu məhv ediblər.
Əziz Mustafa