ABŞ-ın Norveçdəki səfirliyinin mühafizəçisi Rusiya və İranın xeyrinə casusluq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib

ABŞ-ın Norveçdəki səfirliyinin mühafizəçisi Rusiya və İranın xeyrinə casusluq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib

10:12
Bəyəndim (3) Bəyənmədim (0)

Euractiv və NRK-nın məlumatına görə, Norveç məhkəməsi ABŞ səfirliyinin keçmiş mühafizəçisini Rusiya və İranın xeyrinə casusluq ittihamı ilə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edib.

28 yaşlı gənc 2024-cü ilin noyabrında casusluqda şübhəli bilinərək həbs edilib. O, ötən ilin martından noyabr ayına kimi səfirliyin əməkdaşları, onların ailə üzvləri haqqında şəxsi məlumatları, ABŞ səfirliyinin fəaliyyəti ilə bağlı məlumatları ötürüb. Müttəhim İsrailin Qəzza zolağına hücumuna ABŞ-ın dəstəyinə etiraz olaraq hərəkət etdiyini iddia edib.

İstintaq müəyyən edib ki, müttəhim Rusiya və İran kəşfiyyat xidmətləri ilə əlaqəyə başlayıb, rus zabitinə 9, iranlı zabitə isə səkkiz mesaj göndərib.

Təqsirləndirilən şəxsin vəkili İnger Zadiq bildirib ki, müvəkkilinin verdiyi məlumat şəxslərə və ya dövlətə zərər vura bilməz. “Müvəkkilimin məxfi sənədlərə çıxışı səfirlikdə təmizlik işçisi kimi eyni səviyyədə idi”, vəkil bildirib.

Məhkəmə müəyyən edib ki, verdiyi məlumata görə müttəhim Rusiya kəşfiyyatından 10 min avro, İran kəşfiyyatından isə 0,17 bitkoin alıb.

Əziz Mustafa