Meta istifadəçi məlumatlarını Microsoft və Apple-dan üç dəfə çox toplayır
"Surfshark"ın yeni araşdırmasına görə, "Meta" şirkəti digər İT nəhəngləri ilə müqayisədə daha çox istifadəçi məlumatı toplaya bilər: mütəxəssislər "Apple App Store"da yer alan və "Google", "Microsoft", "Apple", "Amazon" və "Meta" tərəfindən hazırlanmış 171 tətbiqi təhlil ediblər. Oxuməni.az-ın "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə araşdırmada qeyd olunur.
"Surfshark" tətbiqləri brauzer tarixçəsi, dəqiq yerləşmə məlumatı, alış-veriş detalları və digərləri daxil olmaqla 35 unikal məlumat kateqoriyası üzrə qiymətləndirib.
Araşdırma göstərib ki, orta hesabla "Meta" xidmətləri ən çox məlumat növünü – mümkün 35-dən 25-ni toplayır. Bu, "Microsoft" və "Apple" kimi texnologiya şirkətləri ilə müqayisədə üç dəfədən çox istifadəçi məlumatı deməkdir.
Bununla yanaşı, ən "müdaxiləçi" tətbiqlərin yeddisi, o cümlədən "Facebook", "Messenger" və "Meta AI" da məhz bu şirkətə məxsusdur. Siyahıya həmçinin "Meta Horizon", "Meta Ads Manager", "Meta Business Suite" və "Forum" daxildir.
Müqayisə üçün: "Google" 17, "Amazon" 12, "Microsoft" 8 növ məlumat toplayır. "Apple" isə cəmi yeddi növ məlumatla kifayətlənir.
Ən çox "acgöz" tətbiqə sahib olan şirkət "Google"dur (40 tətbiqdən 29-u). "Amazon"da bu rəqəm 2, "Meta"da isə 9-dur.
"Google" tətbiqləri orta hesabla "Meta" xidmətlərindən daha az məlumat növü toplasa da, məlumat toplama miqyası və geniş tətbiq ekosistemi istifadəçi məlumatlarının təhlükəsizliyi sahəsində ciddi narahatlıq doğurmağa davam edir.
Eyni zamanda, əksər funksiyaların işləməsi üçün təxmini yerləşmə məlumatları kifayət etsə də, "Meta"nın 9, "Amazon"un 11 və "Google"un 8 tətbiqi internetdə baxış tarixçəsini toplayır.
"Meta" ekosistemindən kənarda ən "acgöz" tətbiq 28 kateqoriya üzrə məlumat toplayan "Amazon Alexa" olub.
"Apple" və "Microsoft" bütün kateqoriyalarda istifadəçi məlumatlarına qarşı ən az tələbkar olan şirkətlər kimi çıxış edib. Belə ki, "Apple"ın "Utilities" kateqoriyasındakı 13 xidmət tətbiqi orta hesabla cəmi 6 növ məlumat toplayır, "Google"un analoji tətbiqlərində isə bu rəqəm 17-dir.
Almaz Həsənli



















































































