Xankəndidən separatçılar qovulacaq: Onlar ermənilərə də düşmənçilik edirlər

Xankəndidən separatçılar qovulacaq: Onlar ermənilərə də düşmənçilik edirlər

9 May 2021 19:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi erməni siyasi dairələri Xankəndidə sosial tələblərlə etiraz dalğasının başlayacağı təqdirdə, separatçıların əsas hədəfə çevrilə biləcəyindən narahatdırlar; Ermənilərin bundan sonra bölgəki gələcəyi onların vaxt itirmədən Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından asılıdır...

Ermənistan siyasəti hələ də Qarabağ faktorundan asılı vəziyyətdədir. Yəni, erməni siyasətçisinin sosial bazaya xitab etmə tezisləri yalnız başqalarının ərazisilərinin ələ keçirilməsinə yönəlik vədlər üzərində qurulub. Bu düşmən ölkədə fərqli siyasi-ideoloji təbliğat mövzusu mövcud deyil.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hətta faşizm üzərində qələbənin 76-cı ildönümündə belə, bütün erməni siyasi müraciətləri məhz bu mövzuya indeksləşdirildi. Ermənistan baş naziri Nikol Paşinyan da bu ənənədən xilas ola bilmədi. Yəni 9 may açıqlamasını məhz Qarabağ mövzusu ilə birləşdirdi. Ancaq onun bütün iddiaları yenə də məntiqsiz və əsassız məzmun daşıdı.

Məsələ ondadır ki, faşizm üzərində qələbədən danışan erməni baş nazir Ermənistan cəmiyyətinə "Dağlıq Qarabağın yenidən inkişafını" vəd edib. Bəlkə də bu, yaxınlaşan növbədənkənar parlament seçkiləri ərəfəsində seçici səsi qazanmaq baxımından ona faydalı ola bilər. Halbuki bunun ümumilikdə Ermənistana müsbət nəsə vəd etdiyinə inanmaq sadəlövhlük olardı.

Birincisi, erməni baş nazirin faşizm üzərində qələbədən danışması siyasi riyakarlıqdan başqa bir şey deyil. Çünki Ermənistan paytaxtı İrəvanda faşistlərə nökərçilik etmiş Qaregin Njdenin heykəli mövcuddur. Həm faşistə heykəl ucaltmaq, həm də faşizm üzərində qələbədən danışmaq yalnız erməni məntiqinə yerləşə biləcək riyakarlıqdır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın "Dağlıq Qarabağın inkişafı"ndan danışması da hər hansı beynəlxalq hüquqa və siyasi məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dağlıq Qarabağın inkişafını təmin etmək də məhz Azərbaycanın daxili işidir. Və rəsmi Bakı Ermənistanın Dağlıq Qarabağ ilə bağlı hər hansı prosesdə iştirakına heç bir halda imkan verməz.

Yəni, erməni baş nazirin vədləri mənasız və əhəmiyyətsiz "xəyallar"dan başqa bir şey deyil. Hələlik Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənməyə nail olan erməni separatçıların təmsilçisi David Babayanın dedikləri də əslində, elə bu sadə reallığı təsdiqləyir. O, bildirib ki, hələlik vəziyyət sakitdir, ancaq hər şeyə hazır olmaq lazımdır: "Azərbaycan hər an aqressiv addımlar ata bilər. Belə bir təhlükə həmişə var".

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

Göründüyü kimi, daim qorxu içərisində qalmaq məcburiyyətindədirlər. Azərbaycanın öz suveren hüquqlarını təmin edəcəyini bilirlər. Ermənilər əmindirlər ki, Qarabağın inkişafı və ümumiyyətlə, gələcək taleyi məhz rəsmi Bakıdan asılıdır. Rusiya sülhməramlı qüvvələri bölgədə müvəqqəti yerləşdiriliblər. Vaxtı çatanda onlar getməli olacaqlar. Və Ermənistanın Qarabağ ilə bağlı prosesə hər hansı formada qatılması qeyri-mümkündür.

Ona görə də ermənilərin Dağlıq Qarabağ barədə düşünüb, boşuna zaman itirmələri tamamilə mənasızdır. Bunun əvəzinə Ermənistanın inkişafı barədə düşünmək onlar üçün daha məntiqli və faydalı olardı. Və bununla Ermənistanın mövcudluğunu qorumaq üçün şans da qazana bilərlər.

Yəni rəsmi İrəvan indi birmənalı şəkildə yalnız Ermənistan barədə düşünməlidir. Çünki Dağlıq Qarabağ Ermənistan üçün artıq həmişəlik itirilib. Bundan sonra Ermənistanın bu məsələ ətrafında hər hansı yeni perspektivlər qazana bilməsi qətiyyən real deyil.

ABŞ və Fransa kimi bəzi ölkələrin siyasi avantüraları isə ermənilərin xilas olunmasına hesablanmayan. Bu ölkələr artıq əhəmiyyətini itirməkdə olan "erməni kartı"ndan sonuncu dəfə öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar. Və onların cəhdlərinin dəyişən dünya şərtlərində uğur qazanma ehtimalı da qətiyyən yüksək deyil.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə yaşayan ermənilərin qarşısında bundan sonra cəmisi iki seçim qalıb. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib, həmin ərazilərdə yaşamaqda davam edəcəklər. Ya da Azərbaycan qanunlarına görə xarici ölkə vətəndaşları kimi qeyri-qanuni yaşadıqları bölgəni mütləq tərk etməli olacaqlar.

Ona görə də, indi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə yaşayan ermənilər həm də separatçılar barədə də yekun qərar vermək məcburiyyətindədirlər. Çünki separatizm həmin bölgədə yaşayan erməniləri ümumi inkişaf prosesindən kənarda saxlayır. Onlar bu prosesdən faydalanmaq üçün əvvəlcə Araik Arutyunyanı və onun separatçı dəstəsini bölgədən qovmalıdırlar.

Bu, onlara Azərbaycan dövlətinin işğaldan azad olunmuş bölgədə başlatdığı böyük quruculuq və inkişaf prosesinə qatılmaq şansı verə bilər. Və Azərbaycan Konstitusiyası ilə bütün ölkə vətəndaşlarına aid olan hüquqlardan faydalanmaq imkanı tanıyar.

Əlbəttə, Azərbaycan ordusu istənilən halda, erməni separatçılarını və onların silahlı terrorçularını ölkə ərazisindən qovub, çıxaracaq. Bu, indiki halda, proseslərin qaçılmaz inkişaf istiqamətidir. Və Xankəndidə yaşayan ermənilər bu önəmli reallığı indidən mütləq nəzərə almalıdırlar.

Ona görə də, ermənilər separatçıları özləri qovsalar, onlar üçün daha faydalı olar. Əks halda, separatçıların orada qalma müddəti uzadıqca, Xankəndidə yaşayan ermənilər ümumi inkişaf prosesindən geri qalmaqda davam edəcəklər. Bu isə onların gündəlik rifah halının daha da ağırlaşmasına yol açan önəmli məqamdır.

Onu da qeyd edək ki, erməni mənbələri bölgədə yerləşdirilmiş ermənilərin həyat şəraitinin acınacaqlı olduğunu birmənalı şəkildə etiraf edirlər. Araik Arutyunyan və onun separatçıları əhalinin ən elementar ehtiyaclarını belə, təmin edə bilmirlər. Əhali arasında isə narazılığın artdığı bildirilir.

Üstəlik, üçtərəfli anlaşmaların imzalanmasından sonra bölgəyə gətirilən ermənilər arasında artıq əks prosesin başlandığı da vurğulanır. Yəni ermənilərin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan əraziləri tədricən tərk etməyə cəhd göstərdikləri iddia olunur. Və yaxın vaxtlarda bu prosesin daha da intensivləşərək, qarşısıalınmaz xarakter ala biləcəyi istisna edilmir.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, əslində, Araik Arutyunyan və onun separatçıları hazırda bölgədə yaşayan ermənilərin əsas düşməni rolunda çıxış edirlər. Onlar və bu məsələni öz siyasi maraqları üçün istifadə edənlər erməni əhalini girova çeviriblər. Bu baxımdan, yaxın vaxtlarda Xankəndi və ətraf bölgədə separatçılara qarşı etiraz dalğasının baş qaldırma ehtimalı qətiyyən istisna deyil. Çünki Ermənistanın bu bölgədə hər hansı maliyyə-iqtisadi və sosial fəaliyyəti mümkün deyil.

Buna həm Azərbaycan imkan verməz, həm də maliyyə-iqtisadi böhran içərisində olan Ermənistanın heç öz daxili sosial problemlərini həll etmək imkanları mövcud deyil. Belə şəraitdə Araik Arutyunyan və onun separatçı dəstəsi isə bölgədə normal həyat şərtlərini təmin edə biləcək hər hansı resurslarından məhrumdur. Ona görə də, bəzi erməni siyasi dairələrinin Xankəndidə sosial tələblərlə etiraz dalğasının başlayacağı təqdirdə, separatçıların bölgədən qovula biləcəyindən narahat olduqları vurğulanır.

Bütün bunlar onu göstərir ki, bölgənin gələcəyi vaxt itirmədən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından birbaşa asılıdır.