Həmsədrlər statusla bağlı  təklif irəli sürərlərsə, Azərbaycan onların  vasitəçilik missiyalarından imtina edəcək

Həmsədrlər statusla bağlı təklif irəli sürərlərsə, Azərbaycan onların vasitəçilik missiyalarından imtina edəcək

22 Oktyabr 2021 00:10
Bəyəndim (0) Bəyənmədim (0)

Diplomatların “turist səfərləri” olmayacaq, ciddi təklifləri varsa, o halda gəlsinlər, Xankəndinə yol isə Bakıdan keçir; politoloq: “Rəsmi Bakı üçün əsas tezis bundan ibarətdir ki…”

Uzun fasilədən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Məlumatlara görə, həmsədrlər bu səfəri Zəfər gününədək reallaşdırmaq istəyindədirlər.

Məlumdur ki, Ermənistan rəhbərliyi müharibədən sonra Minsk Qrupunu “diriltməyə” çalışırlar və bütün danışıqlar masasında yer almasını arzulayırlar. Bakı sərt ritorikasını bir qədər yumşaltsa da, “qırmızı xətti” (heç bir status danışıqlardan söhbət gedə bilməz-red.) müəyyənləşdirib və mövqedən geri çəkilmək fikrində deyil. İlk dəfə olaraq yeni tərkibdə (məlumdur ki, Rusiya həmsədrini dəyişib-red.) regiona səfərə hazırlaşan həmsədrləri Bakıda yenə də sürpriz gözləyə bilər. Məsələn, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə verdiyi açıqlama həm də həmsədrlərə mesaj kimi qiymətləndirilir. DTX rəhbəri Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə görüşündə regionda hökm sürən yeni reallıqların nəzərə alınmasını tövsiyə edib. Bildirib ki, BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkündür. Bu, o deməkdir ki, həmsədrlər Xankəndinə daha ənənəvi qaydada - İrəvandan getməyəcəklər. Gözlənilir ki, Azərbaycan bu dəfə də həmsədrləri statusla bağlı hər hansı təklif irəli sürərlərsə, onların bütün vasitəçilik missiyalarından imtina edə bilərlər. O səbəbdən, İrəvan onların yolunu “ümidlə” gözləsələr də, həmsədrlərin səfər əndişəsi də var.

Qeyd edək ki, Azərbaycan Prezidentinin kəskin xəbərdarlığından sonra Ermənistan rəsmilərinin Xankəndi şəhərinə icazəsiz səfərlərinə son qoyulub, hətta erməni revanşistlər də Qarabağa tərəf boylana bilmirlər. Əks halda, Azərbaycan sülhməramlıların anlaşmanı pozduğunu arqument olaraq irəli sürəcək. İşğal illərində bizi həm də narahat edən bu idi ki, həmsədrlər Qarabağa “turist səfərləri”nə İrəvandan gəlirdilər, Azərbaycan tərəfdən yolların minalı olduğu əsas götürülürdü. Amma bu gün artıq Zəfər yolu ilə Şuşaya sərbəst gediş-gəlişlər təmin olunur, həmsədrlərin səfəri üçün də heç bir problem yoxdur. Əslində həmsədrlərin dövriyyəyə girməsinə ehtiyac duyulmur, sadəcə Bakı qalib olaraq onların da ciddi təklif irəli sürməsi şəraitində bölgəyə gəlişinə etiraz etmir. Onsuz da status, müstəqillik cəhənnəmə gedib, Dağlıq Qarabağ məfhumu da arxivə göndərilib.

QAT sədri Akif Nağı hesab edir ki, Azərbaycan inamla öz mövqeyini hər kəsə qəbul etdirir: “Prezidentin Zəngilandakı “istədiklərimizə nail oluruq” açıqlaması bunu əyani göstərir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin konkret mövqeyi də bunu təsdiq edir. İranla münasibətdə də Azərbaycan iradəsini nümayiş etdirdi və nəticəyə nail oldu”. QAT sədrinin fikrincə, həmsədrlərlə bağlı heç bir yumşalmaya yol vermək olmaz: “Danışıqlar Azərbaycan deyən məsələlər ətrafında olmalıdır. Əks halda, danışıqlardan dərhal çıxmalıyıq”.

“Ötən ilin payızında baş vermiş müharibədən sonra yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun yenidən dövriyyəyə buraxılması ilə bağlı cəhdlər göstərildi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müharibədən sonra Bakıya səfərində onlara “çağırılmamış qonaqlar” münasibəti göstərildi”. Bu fikirlər isə politoloq İlyas Hüseynova məxsusdur.

Ekspertin sözlərinə görə, Azərbaycanın mövqeyi qətidir: “Rəsmi Bakı üçün əsas tezis bundan ibarətdir ki, Qarabağda yaşayan ermənilərə heç bir status verilməsi ilə bağlı müzakirələr gedə bilməz, bu məsələ artıq həll olunub və bir zamanlar Azərbaycanın təklif etdiyi formatla razılaşmayan Ermənistan tərəfi yeni yanaşmanı qəbul etməlidir. Bu mövqenin sona qədər qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir. Çünki yeni reallıqlar deyəndə bu nəzərdə tutulur ki, Azərbaycanın Silahlı Qüvvələri artıq Hadruta, Suqovuşana, Şuşaya və Xocavəndin böyük hissəsinə nəzarət edir. Qarabağın dağlıq hissəsinə hər hansısa siyasi statusun verilməsi gələcəkdə sözügedən ərazilər üçün təhlükəyə çevrilə bilər. Buna görə də hazırki dövrdə masada əli güclü olan rəsmi Bakı ən xırda detalları da nəzərə almalıdır. Diplomatik raundlarda qalib gəlmək tələb olunur. Həm də indi Azərbaycanın qarşısında yeni prioritetlər dayanır və siyasi leksikonda Qərbi Zəngəzur, Göyçə və İrəvan coğrafi adlarının səslənməsi və dövriyyəyə buraxılması heç də təsadüfi deyil. Lakin Ermənistanın arxasında duran qüvvələr yenidən “siyasi nizamlama” və ya “siyasi tənzimləmə” adı altında regionda varlığı qoruyub saxlamağa və təsir imkanlarını genişləndirməyə çalışırlar”. Siyasi şərhçi bir məqama da diqqət çəkdi: “Maraqlıdır ki, Rusiya tərəfi də bu təkliflərə açıqdır və yeni təyin olunmuş həmsədr İqor Xovayev avqustun sonu Bakıda, sentyabrın əvvəllərində isə İrəvanda səfərdə olmuşdur. İlkin çağlarda Rusiya tərəfi də Fransa və ABŞ-ın regiona daxil olmasının tərəfdarı kimi çıxış etmirdi. Son proseslər də onu göstərdi ki, qalib Azərbaycanın icazəsi və diktəsi olmadan regionda heç nə baş vermir. Bu ritorikanın davam etdirilməsi mütləq xarakter daşıyır”. Musavat.com