“Azərbaycanın da kompromisə getməli olduğu” barədəki fikirlər yanlış və tamamilə ədalətsizdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışlarından birində 2019-cu ili Qarabağ məsələsinin həllinə münasibətdə “buraxılmış imkanlar ili" adlandırıb.
Bəs görəsən, həmin imkanlardan yararlanmağımıza hansı amillər və ya hansı güclər əngəl olub?..
Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov bunları söyləyib:
“Bilirsiniz, hazırda müasir qlobal dünya siyasəti üçün də ciddi bir problem kimi təqdim olunan Qarabağ məsələsi haqda danışmaq üçün ciddi və uzun araşdırmaya ehtiyac var. Ən əsası, nizamlanma, danışıqlar prosesinin içərisində olmaq lazımdır ki, situasiyanı real qiymətləndirə biləsən. Bu baxımdan, hesab edirəm ki, məsələnin həlli istiqamətində çalışan dövlət başçısı problemin hansı həlli imkanlarından söhbət getdiyini və onların niyə əldən buraxıldığını daha yaxşı bilir...
Bəli, zaman ötür, Qarabağ probleminin ədalətli həlli isə uzanır. Amma görünən odur ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycan dövləti, onun başçısı məsələnin sülh yoluyla həlli, yəni torpaqlarımızın danışıqlar yoluyla azad edilməsi üçün əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın konstruktiv addımları qarşısında işğalçı Ermənistan qeyri-konstruktiv və ədalətsiz mövqe tutaraq növbəti dəfə müxtəlif manipulyasiyalarla danışıqları uzatdı və torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırdı...”
Eks-prezident Qarabağ məsələsinin həll imkanlarının buraxılmasında daha çox işğalçı Ermənistanı qınayaraq deyib:
“Həmişə söyləmişik, nə qədər ki, Ermənistan hakimiyyətinin başında duranlar xarici və daxili destruktiv güclərin təsiri altında olub Azərbaycanın humanist mövqeyinə adekvat mövqe nümayiş etdirərək beynəlxalq hüquqi gerçəkliyə uyğun mövqe ortalığa qoymayacaq, Qarabağ məsələsi həllini tapmayacaq. Gördüyünüz kimi, işğalçı ölkənin hazırkı hökumət başçısı tez-tez mövqeyini dəyişən, qeyri-adekvat addımlar atan müəmmalı bir fiqurdur. Onunla hansısa ciddi danışıq aparmaq və ondan nəticə gözləmək mənasızdır...”
“Və bir daha vurğulamaq lazımdır ki, erməni tərəfinin, eləcə də ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilat və iri dövlət nümayəndələrinin başa vurmaqda olduğumuz ildə də tez-tez dilə gətirdiyi guya “Azərbaycanın da kompromisə getməli olduğu” barədəki fikirlər yanlış və tamamilə ədalətsizdir. Azərbaycan işğala məruz qalmış ölkə olaraq hansı güzəştə, kompromisə getməlidir? Əgər söhbət ərazi güzəştindən gedirsə, əvvəla, bu, beynəlxalq hüquqa, qanunlara, o cümlədən Azərbaycanın da 1992-ci ilin martından üzvü olduğu BMT-nin Nizamnaməsi və məlum qətnamələrinə ziddir. Odur ki, Azərbaycan heç vaxt bir qarış torpağını kimsə güzəştə gedə bilməz. İnanırıq ki, 2020-ci ildə də dövlətimiz bu prinsipi rəhbər tutaraq torpaqlarımızın azad olunmasına çalışacaq” –deyə keçmiş dövlət başçısı gələcəyə ümidlə yanaşmağı tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)

.jpg)















































