Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

9 İyun 2021 11:55
Bəyəndim (1) Bəyənmədim (0)

Rəşad Məhəmmədoğlu

GÜNƏŞİN PƏNCƏRƏSİ

Səmadan pəncərəsi,

Şüşəsi qəm qoxulayır.

Buludlardı pərdəsi,

Günəş açıb bağlayır.

***

Görünür pəncərədən,

Yerlərin mənzərəsi.

Nəmdi “ah”lı nəfəsdən,

Günəşin pəncərəsi.

***

Yer üzündə ölümlər,

Qırıb təpər dizini.

Qorxuram ki, atacaq,

Günəş yerə özünü.

***

Göylər qara, dumanlıq,

Günəş çatıb qaşların.

Bağlayıb pəncərəsin,

Söndürüb işıqların.

***

Görəsən göz yaşıdı?

Yerə yağan yağışlar.

Bağlayıb pərdələri,

O gizlənib ağlayar.

***

Bu dünyadan soyubsa,

Halı pisdir, küsübdür.

Günəş necə olubsa,

Torpağı da isitmir.

***

Bu dünyanın yanğısı,

Topdan, atəşdən hopur.

Düşən nurlu şüası,

Qopur, saçından qopur.

***

Gəlib keçir, danışmır,

Susqunluqdur nərəsi.

Bəlkə yerlə barışmır,

Bağlıdır pəncərəsi,

Günəşin pəncərəsi.

İ N A M

Hər gecəm köksümə salır qaranlıq,

Zülməti hifz edir, sər divanı var.

Hələ də tapılmır o yol, işıqlıq,

Gözlərin zülmətə nə inamı var?

***

De, niyə qar yağır uca dağlara?

Örpəyə bürüyür duman gəlməmiş.

Güvənim yol vermir könül almağa,

Sızlayan qəlbimə inam qəlməmiş.

***

Əlini verməmiş sənə həqiqət,

Yalanlar dilində qurur taxtını.

Mənimsə inamım sözündən əvvəl,

Hər gün sənə gəlir, döyür qapını.

***

Yumulan o gözlər şəkli qulaqlar,

Ümidsiz baxışla bir səsdə qalıb.

Qəlbinin içində çırpınır haqlar,

Dilindən çıxmayır, qəfəsdə qalıb.

***

Ürəyim sevsə də, üzüm gülsə də,

Ax...necə sarılım, dolanım sənə?

Sözündə yalan var, dilin dinsə də,

Mən necə inanım, inanım sənə?

***

İçində həqiqət çırpınır, gülüm,

İlişir dilində, susur gözündə.

Öldür yalanları, üzünə gülüm,

İnamım yetişib bitsin izində.

***

Elə et unudum xatirələri,

Ovunub tökülmüş dünənim olsun.

Eşqini dağ edib, söykənim sənə,

Ömürlük sən adlı güvənim olsun.

***

Sənə inanımmı, susqummu, necə?

Bəlkə, qəlb sındıraq, sinə dağlayaq.

Mənə etiraf et, danış bu gecə,

Ya sənə inanım, ya da ayrılaq.

EY ƏZİZ DOST

Sənin içində bir ümid yatıb,

O yatdıqca hey yatacaq.

Bir silkələn, onu oyat,

O da səni oyadacaq.

***

Fikirlərlə dolu başın,

Daş kimidir, ağırlaşıb.

Get bir az gəz, elə aşın,

Əl-ayağın qartılaşıb.

***

Yoldaş olub səbirlə sən,

Məşğul olub işləyəsən.

Oynayanda dəmirlə sən,

Daşları da əridərsən.

***

Yolun kəsək, alaq, tikan,

Uzaq getmə, bir yavaşı.

Seç özünə azad məkan,

Həyatınla et savaşı.

***

Uzaq sevgi, xatirələr,

Dolub evə, qonaq gəlib?

Ayla qalan qonaq olar?

Pəncərənə pərdə sərib.

***

Onlar qoymur çölə baxıb,

Gələnlərə boylanasan.

Küçənizdən keçən bəxtə,

Salam verib sarılasan.

***

Sənin sevgin kef eyləyir,

İmkanlılar keşiyində.

Sən də onsuz uşaq kimi,

Ağlayırsan beşiyində.

***

Bir şair var, gülüstanda,

Çiçək gəzir, gül axtarır.

Yanındakı gül satan da,

Arı gəzir, bal axtarır.

***

Hər kəs sevmir sevənləri,

Öndə gedənləri seçir.

Həyat dəniz üzərində,

Suda üzənləri sevir.

***

Ey, əziz dost, düş aşağı,

Bu şəhəri gəzək bir az.

Əhvalımda göy qurşağı,

Sənə verim bəzək, bir az.

Arzu Rüstəm

UZAQDA

Yeyin olmur sətirləri səhərin,

Kim daşıyar bu qüssəsin, kədərin?

Addım-addım izlədiyim şəhərin,

Baxışları qaldı məndən uzaqda.

***

Bucağında dolub-daşdı sandığım,

Xatirələr alovunda yandığım.

Dalanında büsbütün islandığım,

Yağışları qaldı məndən uzaqda.

***

Xoş baxışı giley idi, ah idi,

Hər gecəsi naümid sabah idi.

Etmədiyim hər arzu günah idi,

Naxışları qaldı məndən uzaqda.

***

İndi yenə pərdələnib sarı sim,

Zalım fələk başa düşməz ki, him-cim.

Enişini dizin-dizin gəlmişdim,

Yoxuşları qaldı məndən uzaqda.

***

Düyün vurdum, sapa yatmaz naxışın,

O yazına tamarzıdır bu qışın.

Labirintə saldı məni baxışın,

Çıxışları qaldı məndən uzaqda.

YAZIN SİFARİŞİ

Buluduna söylə dolub durmasın,

Yollarımda bardaşını qurmasın.

Asta-asta sürü gəlsin, sürməsin,

Yaz ömrümə, yaz naxışı bürmələ.

***

Yarpaqlara xəbər çatdır, sevinsin,

Küləklərə söylə yerini bilsin.

Qaranquşlar dönüb bahara gəlsin,

Göy çəməndən boz xalını dürmələ.

***

Köç gələndə arxasına baxmasın,

Günəş yeri yandırmasın, yaxmasın.

Bir də dönüb ildırıma çaxmasın,

Durnaların köz baxışın sürmələ.

***

Bahar gəlib, qucağında gül açıb,

Arzu susub, söz sənəti dil açıb.

Çəmən bizə məsum-məsum əl açıb,

Təbiəti çiçək donuna bələ.

BU DAĞLARIN HAVASINI ÇAL

Səhər-səhər könül yenə gileyli,

Dodağıma nəğmə qonub - “buleyli”.

Hava dəli, hava dolmuş, küləkli,

Bu dağların havasını çal mənə.

***

Səcdəsinə sığınmışam bir bütün,

Bu dağınıq düşüncələr çox çətin.

Ağaclar da çılpaqlaşıb büsbütün,

Budaqların havasını çal mənə.

***

Nə közü var, nə külü var, toz eylər,

Ömür ötər, əcəl dönüb göz eylər.

Güneylərə tamarzıdır quzeylər,

Ocaqların havasını çal mənə.

***

Kədərimə peşkəş olub şənliyim,

Qaçaqlarda əsir düşüb genliyim.

Dalanlara qısılanda tənliyim,

Bucaqların havasını çal mənə.

***

Od olanım, közün məni üşüdür,

Dillənəndə sözün məni üşüdür.

Yanağımda üzün məni üşüdür,

O çağların havasını çal mənə.

Hazırladı: İsa Rəvan