Poeziya buketi, nəğmə çələngi
Əyyub Türkay
UŞAQ ŞEİRLƏRİ
KƏNANIN YALANI
Dərsini öyrənmədi,
Bu gün məktəbli Kənan.
Dedi, müəllim soruşsa,
Tez söylərəm bir yalan.
***
Dərsi başlayan zaman,
Qorxu tutdu Kənanı.
Axı, bir azdan onun,
Çıxacaqdı yalanı.
***
Müəllim gördü şagird,
Gərgin görünür yaman.
Çünki boşa çıxmışdı,
Onun qurduğu plan.
***
Dedi: -Kənan, bilirəm,
Dərsə hazır deyilsən.
Bu gün nəticə çıxar,
Öyrən gələn dərsi sən.
***
Kənan söz verdi daha,
Oxuyub, çalışacaq.
Yalanları unudub,
Düzünü danışacaq.
MƏNİM BABAM ŞAİRDİR
Əhməd babam şairdir,
Gözəl şeirlər yazır.
Mən səs edəndə deyir,
Sakit ol, fikrim azır.
***
Sual etdim, babacan,
Niyə şeir yazırsan?
Axı, sən bir ustasan,
Bünövrələr qazırsan.
***
Söylədi ki, can balam,
Şeir yazmaq azaddır.
Şair olmaq insanda,
Xüsusi istedaddır.
***
İnsan gözəl fikiri,
Yazır öz sözlərində.
Ürəyindən keçəni,
Görürsən gözlərində.
***
Şairliyin ayrıca,
Məgər məktəbi olur?
Sözə dəyər verəndə,
Qəlbə gözəllik dolur.
DƏMİRAĞAC
Müəllim uşaqlara,
Təbiətdən danışdı.
Bildirdi bir ağac var,
Hamınıza tanışdı.
***
Suya atsan batacaq,
Oduncağı möhkəmdir.
Sanki, dəmir kimidir
Çox qəribə görkəmdir.
***
Uşaqlar çaşbaş qaldı,
Çoxu dedi vələsdi.
Düşünmədi heç biri,
Yəqin hamı tələsdi.
***
Gözlərini döyərək,
Baxdılar müəllimə.
Arxa sıradan qalxdı,
Hazırcavab Həlimə.
***
Dedi: - dəmirağacdır,
Oxumuşam jurnaldan.
Məlumatım var mənim,
Verilən bu sualdan.
GÜNAYIN SƏHVİ
Bir payız səhərində,
Günay durdu yuxudan.
Şimşəyin bərk səsindən,
Gözün qırpdı qorxudan.
***
Baxdı pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi dərsə getməyə,
Soyuq verərmi aman?
***
Anası qulaq asıb,
Bəhanəni anladı.
Qucaqlayıb qızını,
Bir balaca danladı.
***
Söylədi qızcığaza,
Boran, çovğun olsa da.
Məktəbi heçə sayıb,
Dərsi verməzlər bada.
***
Günay səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını götürüb,
Yola düşdü məktəbə.
Hazırladı: Isa Ravan