Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

24 Noyabr 2021 09:55
Bəyəndim (4) Bəyənmədim (0)

Hünər Zəki

ŞƏHİD QIZI

30 sentyabr 2020. Dostumun şəhid olmasından sonra onun timsalında 44 günlük Vətən müharibəsində şəhid olan bütün atalara itihaf olunur.

Salam, mənim əzizim,

Sən ağlayırsan qızım?

-Atama görə əmi.

Atana nə olub ki?

-Döyüşə gedib əmi.

***

Nə zamandır görmürsən?

Zəng edirmi arada?

-Qırx gün olub, xəbər yox,

Gözləyirəm burada.

***

Nə vaxt gələr deməyib?

-Müharibə bitəndə.

Əmi, bilirsən, dünən,

Şəhid gəlib bu kəndə.

Mənim atam sağdı, hə?

Əmi, bir söz de mənə,

Anam da susur, belə.

Susma,

ağlayaram ha yenə!

***

Anan indi hardadır?

-Otaqdadır o, indi.

Atamın şəkillərin,

Tutub ağlayır indi.

Öz-özünə danışır,

Tək qalanda özüylə.

Amma anam hər yerdə,

Onu gəzir gözüylə.

***

Atam verən bayrağı,

O gün asdı aynadan.

Qonum-qonşu görəndə,

Rəhmət dedi bu yandan.

Mənim ağlım kəsməyir,

Anam niyə üzgündür?

Düz əmməli yemək də,

Yeyə bilmir üç gündür.

Əmi, atam gələcək?

***

...Bilmirəm, mənim qızım!

-Əmi, atam gedəndən,

Sönüb mənim ulduzum.

Hərdən anam deyinir,

Elə bilir görmürəm.

Sakit qulaq asıram,

O, danışır, dinmirəm.

Rəsmə baxıb ağlayır,

Deyir -üzün ağ olsun.

Qızın yetim böyüyür,

Təki Vətən sağ olsun!