Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

2 Mart 2022 10:42
Bəyəndim (1) Bəyənmədim (0)

Rəsul Murovdağlı

CAVABA SIĞMAYAN ŞAİR

Gecələri sirdaş seçdi,

Sabaha sığmayan şair.

Dar qurdu öz məqsədinə,

Səbəbə sığmayan şair.

***

Misra-misra ağrı əkdi,

Şeir oldu Vətən əhdi.

Günahları başa çəkdi,

Savaba sığmayan şair.

***

Həsrətini sağ elədi,

Ümidlərə tağ elədi.

Sualları dağ elədi,

Cavaba sığmayan şair.

***

Piyadadı, zaman atlı,

Dəftər, qələm başın qatdı.

Bir çörəyə kitab satdı,

Kitaba şığmayan şair.

AZAD OLMAYIB

Qələm yaş tökəcək şeir bəxtinə,

Misrada heca ki, azad olmayıb.

Gündüzlər xəyalı dara çəkəcək,

Gecələr gecə ki, azad olmayıb.

***

Kitablar dərdlərin kövrək yaşıdı,

Yaxşı ki, yaramı illər qaşıdı.

Sinələr arzuya məzar daşıdı,

Ürəklər necə ki, azad olmayıb.

***

Dəli şeirimə gedən yol da dar,

Qurulub misramdan keçən yolda dar.

Bu gün bu tərəzi, bu daş aldadar,

Dünəndən bu çəki azad olmayıb.

ÜŞÜYƏN QIZ

Qollarım sinəmin yiyəsin gəzir,

Sinəm doğma kəsin, ay üşüyən qız.

Küsüb ayrıldığın görüş yerini,

Üşüdüb nəfəsin, ay üşüyən qız.

***

Ağrılar boy atıb xatirələrdə,

Düşüb yaman yerdə xatirə dərdə.

Mən də lal olmuşam, xatirələr də,

Niyə gəlmir səsin, ay üşüyən qız?

***

Gəl apar, nə qalıb şeirə kimi,

Həsrətin olmadı şeir həkimi.

Səni isitməyən şeirlərimi,

Yandır bir az isin, ay üşüyən qız.

Xatirə Dalğa Səfərova

GƏLSƏN, XOŞBƏXT OLARAM

Unudaram sözlərimi,

bircə dəfə

gözlərinə baxsam

əgər.

Səsin də tez karıxdırar,

İtirərəm özümü,

İnanmırsan mənə

məgər?

Bir uzaqlıq yarımsan,

Qəlbimə düşmüş

odun.

Mən bilmədim bu eşqin,

Səndəki mənin

dadın.

Mən söz verib olmasam,

Nə özgənin,

nə yadın,

Uzaqları nə qədər

Tezləşdirib

gələrsən?

Gəlsən, məni bilirsən,

Necə xoşbəxt

edərsən...

İNAN MƏNƏ

Gülüşü dəva dərdimə,

Bilmir amma, özü bilmir.

Onun eşqinə düşəndən,

Qəlb yalanı, düzü bilmir.

***

Ürəyimin hər damarı,

Genəlir gələndə səsi.

Bəs özümü qoyum hara?

Mənə toxunsa nəfəsi.

***

İtir, batır üzüm, əlim,

Qaba, kor-kobud ovcunda.

Dodağına çatmır dodaq,

Dursam da barmaq ucunda.

***

Gəl mənə sən bir şeir yaz,

Qara gilas gözlərimə.

Mən, Allahdan səndən başqa,

İnan, heçnə gozləmirəm.

***

Ay üstünə qaldır məni,

Qoyaq onu biz köndələn.

Eşqin çıxsın cin atıyla,

Qursun orda bir göydələn.

***

Birgə gəzək buludlarda,

Sevə-sevə bezməyərək.

Papaq tikim hər nazımdan,

Qoy başüstə əzməyərək.

***

Sən küsəndə, inciyəndə,

Çıxardaram ilan dili.

Barışmasan həmin anda,

Doğrayaram mən bu dili.

***

Bu sevgimi ölçmək üçün,

Çətin tapsın kimsə vahid.

İnan mənə, a sevdiyim,

İnan, olsun, Tanrı şahid!

CƏNNƏTİMSƏN

Bu cənnətdə səninlə,

Yaşamaq necə xoşdur.

Ətrini çəkdim içdən,

Ah ruhum, bax, bihuşdur.

***

Səninlə ölümsüzlük,

Dünyasına gedərəm.

Mən səni milyon dəfə,

Doğulsam da sevərəm.

***

Nə yaxşı ki, varımsan,

Cənnətimi verənim.

Hər gün sevirəm sözün,

Ürəyimə sərənim.

***

Mən ən gözəl hissləri,

Yalnız səninlə bildim.

Mən səninlə həyata,

İkinci dəfə gəldim.

***

Hədsiz sevgim, esqimi,

Sənə etdim ərməğan.

Xoşbəxtlik deyilmi bu,

Üstümə hər gün yağan?

Hazırladı: İsa Rəvan