Poeziya buketi, nəğmə çələngi
Elvin İlqaroğlu
ODLAR DİYARI
Mən odlar diyarı vətəndaşıyam,
Səsim od, sözüm od, baxışım oddur.
Düşmənin bağrına qanla çəkdiyim,
Tarixə düşəcək naxışım oddur.
***
Mənim Mübariztək igidim olub,
Tək özü mininə əvəzdi, əvəz.
Mənim Cəbrayıltək şəhidim olub,
Saldı şücaəti aləmə bir səs.
***
Mənim tarixim var, kökü dərində,
Unutmaz bunları zatı pak olan.
Mənim şahım olub yer üzərində,
Yazdığı tarixi dillərə dastan.
***
Tarixi kitabla məhdud etməyin,
Daim sözümüzdə yaşamalıdır.
Tarixi bir yurdun övladlarıyıq,
Tarix özümüzdə yaşamalıdr.
SƏN MƏNİM ÖMRÜMƏ GƏLDİYİN GÜNDƏN
Səninlə bir ömür yaşamaq gözəl,
Səni ürəyimdə daşımaq gözəl.
Quruyub gözümün yaşı bax, gözəl,
Sən mənim ömrümə gəldiyin gündən.
***
Mən səni sevməyi öyrənə bildim,
Bir ömrü bölməyi öyrənə bildim.
Səninlə gülməyi öyrənə bildim,
Sən mənim ömrümə gəldiyin gündən.
***
Əvvəllər bu cürə deyildi, inan,
Çətinlər asana çevrildi, inan.
Qəm dağı yıxılıb devrildi, inan,
Sən mənim ömrümə gəldiyin gündən.
ZALIM
Mən elə bilirdim gedəndə insan,
Dönməkçün azacıq yer də saxlayır.
Bilməzdim anidən çıxıb gedənlər,
Hər şeyi getdiyi yerdə saxlayır.
***
Mən ki, inanırdım qəza, qədərə,
Mən yaxşı bilirdim qiyamət nədir.
Mənə qiyaməti burda yaşatdın,
Günah səndə deyil, günah məndədir.
***
Demək ki, gedişin son anım imiş,
Demək, yaşadığım bu ülvi hislər.
Ümidlər son anda ölür, deyirlər,
Mənim ən sonuncu imkanım imiş.
***
Sənin gülüşünlə gülə bilirdim,
Getmisən, indi də ölə bilərəm.
Gedərkən məni də almısan məndən,
Çətin ki, özümə gələ bilərəm.
***
Sənin bir qram da vecinə deyil,
Hardayam, kimləyəm, halım necədir.
O qədər zülümlər çəkdirmisən ki,
Adını qoymuşam zalım, necədir?
Hazırladı: İsa Rəvan
--
Isa Ravan